01 Noyabr

İşçiləri incidənlərin 90%-i sahibkarlardır

Ötən il əmək qanunvericiliyinə əməl olunmaması ilə bağlı aşkar edilən hüquq pozuntularının 35,8%-ni əmək müqavilələrinin bağlanmaması və ya onların şərtlərinin yerinə yetirilməməsi təşkil edib. Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə YAP-ın rəsmi saytına verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, pozuntuların 6,3%-ni əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6,1%-ni əməkhaqqının hesablanması və ya ödənilməsindəki nöqsanlar, 4 %-ni texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. ilə bağlı olub.

Onun sözlərinə görə, bu pozuntular ən çox topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda (bütün nöqsanların 30,4%-i), yaşayışın təşkili və ictimai iaşə (10%), emal sənayesində (6,7%), səhiyyə və sosial xidmət sahəsində (7,2%), tikintidə (15,8%) və s. aşkar edilib.

Müfəttişliyin rəisi bildirib ki, əmək qanunvericiliyini pozanların 91%-i sahibkarlar olub. Sosial ödənişlərin gecikdirənlərin də 81%-i özəl sektorda çalışan iş adamlarıdır. İşçilərə ödənilməsi təmin edilmiş ödənclərin əksəriyyəti emal sənayesinə (18,6%) və tikintiyə (22,6%) aid müəssisələrdə həyata keçirilib.