Azərbaycanda demək olar ki, bütün iqtisadi qurumları əhatə edən vahid qaynar xətt işə düşəb. İndiyədək Vergilər və İqtisadi İnkişaf Nazirliklərinə xidmət edən 195 saylı qaynar xətt vasitəsilə indi 7 dövlət qurumu ilə əlaqə yaratmaq mümkün olacaq. Fins.az-ın xəbərinə görə, bu barədə fevralın 24-də keçirilən təqdimat mərasimində Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov məlumat verib. Onun sözlərinə görə, yeni yaradılmış sistemə əsasən, bundan sonra 195 qısa nömrəsinə zənglər Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiəsi Fondunu əhatə edəcək.
Nazirlik rəsmisi qeyd edib ki, bu xidmət vətəndaşların, sahibkarların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarına imkan verəcək. Vətəndaş bu xidmətlərdən istifadə etmək üçün birbaşa 195-ə zəng edərək səsli menyunun köməyi ilə və ya müvafiq düymələri seçməklə birbaşa göstərilən dövlət orqanlarına müraciət edə biləcək.