01 Noyabr

Bakıda “Strateji Ekoloji Qiymətləndirmə” mövzusunda təlim keçirilir

Bu gün Bakıda “Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Strateji Ekoloji Qiymətləndirmə” mövzusunda təlimə start verilib. Qurumdan fins.az-a daxil olan açıqlamada bildirilir ki, bu ilin fevral ayndan başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə “Gənc dövlət qulluqçularının Strateji Ekoloji Qiymətləndirmə üzrə maarifləndirilməsi” adlı layihə həyata keçirilir: “Məlum olduğu kimi Azərbaycan hələ ki, Strateji Ekoloji Qiymətləndirmə üzrə protokola Tərəf deyil. Bu baxımdan Azərbaycanda SEQ üzrə hüquqi bazanın yaradılması, habelə təşviqi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkəmizdə fəal iş aparılmaqdadır. “Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyi ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli olacaq bu işin yerinə yetirilməsini maraqla izləyir və vətəndaş cəmiyyətini təmsil edən qurum olaraq bu təşəbbüsləri təqdirəlayiq hesab edir. Bu mövzunun çox aktual olmasını nəzərə alaraq təşkilat tərəfindən əsasən infrastruktur layihələrinin icrasına cavabdeh olan dövlət qurumlarının (nazirlik, dövlət komitələri, dövlət şirkətləri və agentliklər) yaşı 20-35 ətrafında olan, ətraf mühit məsələlərinə cavabdeh şöbə və idarələrinin gənc mütəxəsislərinin iştirakı ilə 29 aprel – 2 may 2015-ci il tarixlərində layihə çərçivəsində Bakıda “Central Park” Hotel mehmanxanasında “Strateji Ekoloji Qiymətləndirmə” mövzusunda təlim təşkil edilmişdir. Təlim təcrübəli yerli təlimçilər o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2011 – 2013-cü illərdə həyata keçirilmiş “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi çərçivəsində beynəlxalq məsləhətçi şirkət tərəfindən həyata keçirilmiş Strateji Ekoloji Qiymətləndirmə üzrə pilot layihədə iştirak etmiş ətraf mühit üzrə mütəxəssislər tərəfindən aparılacaq. Təşkilatın həyata keçirdiyi layihə çərçivəsində bu mütəxəssislərə dövlət qurumlarında işləyən gənclərə ölkəmiz üçün yeni olan Strateji Ekoloji Qiymətləndirmə sahəsində öz təcrübə və biliklərini paylaşmaq imkanı veriləcəkdir. Təlimdə Bununla Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Nəqliyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti, “Azərsu ASC” və s. kimi mərkəzi icra qurumları və dövlət şirkətləri və bu qurumların tabeçiliyində olan strukturların 20 – 35 yaşlı müvafiq istiqamətdə fəaliyyət göstərən əməkdaşları iştirak edəcək. Bununla da bu mütəxəssislər Strateji Ekoloji Qiymətləndirmə sahəsində bilik və bacarıqlarını artırmaqla gələcəkdə bu təlimdə əldə etdikləri bilikləri praktikada tətbiq edə biləcəklər. Layihə nəticəsində təşkilat tərəfindən bu mütəxəssislərin elektron ünvanlarından ibarət elektron ünvanlar qrupu yaradılacaqdır ki, bununla da gənc mütəxəssislər gələcəkdə bu məsələ ilə bağlı hər hansı suallara cavabları əldə edə biləcək və ya yenilikləri bir – biri ilə bölüşə biləcəklər”.