01 Noyabr

Ötən ay qiymətlər 0,6% aşağı düşüb

Bu ilin may ayında Azərbaycanda ərzaq məhsulları 1,5%, qeyri-ərzaq malları 0,2% ucuzlaşıb. Bu barədə fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Ay ərzində əhaliyə göstərilən pullu xidmətlər isə 0,1% bahalaşıb. Son nəticədə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə orta hesabla 0,6% aşağı düşüb.

Belə ki, buğda ununun, balıq məhsullarının, qoyun və toyuq ətinin, süd məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, alçanın, çiyələyin, kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində ucuzlaşma, qarabaşaq yarmasının, yumurtanın, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, göyərtinin, çuğundurun, kökün qiymətlərində isə artım müşahidə olunub.

Qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının qiymətləri bahalaşmış, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətlərində isə azalma qeydə alınıb.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma baş verib.