01 Noyabr

Ofis işçilərinə xəbərdarlıq - ÇOX OTURMAYIN

Müasir dövrün zərərli vərdişi hesab edilən oturaq həyat tərzi insan orqanizmində xəstəliklərin baş qaldırmasında başlıca rol oynayır. Fins.az-ın məlumatına görə, «AZƏRTAC» “Focus-online” saytına istinadla xəbər verir ki, belə bir qənaətə Almaniyanın aparıcı elm adamları gəliblər. Alimlərin fikrincə, 8 saat və daha çox ofis rejimində gününü oturaq məşğuliyyətlə keçırən şəxs psixi və fiziki sağlamlığını təhlükə altında qoyur. Mütəxəssislər hesab edir ki, oturaq həyat tərzi bağırsaq və ağ ciyər xərçəngi, şəkərli diabet, ürək xəstəlikləri və bir sıra bədən ağrılarının yaranma riskini artırır. Araşdırmanın nəticəsinə görə, baş ağrılarının 70 faizi də uzun müddət oturmaqdan irəli gəlir. Saatlarla ofis stulunda gününü keçirən insanın zehni məhsuldarlığı minimuma enir.

Həftə ərzində 42 saatdan çox oturaq həyat tərzi keçirən şəxsdə depressiya və ruh düşkünlüyü kimi psixi xəstəliklər baş qaldırır. Tibb alimləri bildirirlər ki, həddən çox oturmaq bel sütunu və damarların da düşmənidir. Oturaq vəziyyətdən yüklənən onurğa sütunu və bel əzələsində xronik ağrılar meydana gəlir. Xüsusilə ayaq damarlarında qan dövranı 60 faiz zəifləyir. Belə həyat tərzi piylənməyə də yol açır. Bədəndə kalori sərfi azalır və köklüyə meyillik başlayır.