Azərbaycanda ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edən vətəndaşların vəziyyəti araşdırılarkən onların kreditləri barədə məlumatlar elektron qaydada əldə ediləcək. Fins.az-ın məlumatına görə, bu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) Xidmətinin nümayəndələri ilə görüşdə müzakirə edilib.
Fins.a-ın məlumatına görə, görüşdə "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" dövlət başçısının fərmanına uybun olaraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması və onun fəaliyyətinin "Elektron hökumət" portalı üzərindən təşkili müzakirə edilib.
Ünvanlı yardım istəyənlər mobil telefondan müraciət edəcəklər
Tədbirdə bildirilib ki. ünvanlı dövlət sosial yardımının alınması üçün elektron müraciət ediləcək. Artıq bununla bağlı proqram təminatı hazırlanıb və test işlərinə başlanıb. Bu sistem (VEMTAS) istifadəyə verildikdən sonra istənilən vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra həmin ailənin maddi-məişət şəraiti araşdırılacaq. Bunun üçün sistem müxtəlif dvoət qurumlarından ailə ilə bağlı məlumatları toplayıb analiz edəcək.
Yardım istəyənlərin kreditləri də araşdırılacaq
Qeyd edək ki, «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»na əsasən, ünvanlı yardım üçün müraciət edənlərin vəziyyəti araşdırıarkən onların kreditlərinin olub-olmaması da araşdırılır. Tələbə əsasən ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda həmin ailəyə ünvanlı yardım verilməsindən imtina edilir.
Müraciət edənlərin kreditlənmə vəziyyətini öyrənmək üçün lazımi məlumatlar Mərkəzi Bank yanında Mərkəzləşmiş Kredit Reyestrindən alınır. İndiyədək bunun üçün vətəndaş MKR-dən arayış alaraq sosial müdafiə qurumlarına təqdim etməli idi. Elektron sistemin tətbiqindən sonra isə MKR-dan arayışlar elektron qaydada alınacaq.
Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək.
Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək.