Bakıda Avropa Liqası Kuboku çərçivəsində “Qarabağ”ın oyununa biletlərin satışına başlanıb. Xatırladaq ki, Avropa Liqasının play-off mərhələsi çərçivəsində `Qarabağ` (Azərbaycan) - `Young Boys` (İsveçrə) oyunu avqustun 27-si saat 21:00-da baş tutacaq. Fins.az-ın məlumatına görə, biletlərin satışına bu gün saat 10-dan başlanıb. Ümumilikdə satışa qiyməti 1-15 manat arasında dəyişən 30 minə yaxın bilet çıxarılıb. Cəmi bir neçə saat ərzində 7 min bilet satılıb. Bu barədə fins.az-a “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimov bildirib. Onun sözlərinə görə, daha çox 1 manatlıq biletlər satılıb.
Böyük növbələr yaranıb
Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq oyunun biletləri də elə stadionun kassalarında satılır. Oyuna maraq böyük olduğundan artıq bu gn səhərdən etibarən kassaların qarşısında uzun növbələr yaranıb. Amma bu hal iş günü ofislərdə keçən insanların bilet almasına çətinlik yaradıb – uzun müddətli növbələrdə dayanmaq heç də həmişə mümkün olmur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu biletlərin onlayn satışı ola bilərdi. Amma «Qarabağ» klubunun özündə bu variantı o qədər də uğurlu saymırlar.
Biletlərin hamısını hakerlər alacaq
“Qarabağ”ın klubunun mətbuat katibi N. İbrahimov bildirib ki, biletlərin onlayn satılmaması hakerlərdən gələn təhlükə ilə əlaqədardır: “Xaker hücumları onlyan bilet satışını riski edir. Gürcüstanda keçirilən Barcelona- Sevilya oyununa biletlərin onlayn satıldığından xaker hücumu olmuşdu. Bundan əlavə, onlayn satış biletlərin qeyri-qanuni alverini artıra bilər. Yəni, bir işbaz istədiyi qədər bileti əldə edib istədiyi qiymətə sata bilər”. Ona görə də azarkeşlər holoqramlı biletləri yeganə satış məntəqəsi olan Tofiq Bəhramov adına mərkəzi arenasının kassalarından almalıdırlar.