01 Noyabr

Çoxuşaqlı ailələrə müavinət ödənilir

Hazırda Azərbaycanda beşdən çox uşağı olan 3077 nəfər qadının 18 yaşına çatmamış 8810 nəfər uşağına həmin aylıq sosial müavinət ödənilir. Bu barədə fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Xatırladaq ki, ölkə prezidentinin fərmanına görə, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir. Bununla yanaşı, 3 və daha çox uşaq doğub 8 yaşınadək, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda onlara aylıq sosial müavinət təyin olunur. Ölkəmizdə 7612 nəfər qadın bu növ sosial müavinətlə təmin edilir.

Ümumilikdə, cari ilin 01 iyul tarixinə ƏƏSMN tərəfindən aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların sayı 402075 nəfər təşkil edib ki, onlardan 85,7 faizi aylıq sosial müavinət alanlar olub.