01 Noyabr

Azərbaycanda 25,6 min nəfər xarici rəsmi işləyir

2015-ci ilin avqustun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,73 faiz artıb. DSMF-dan fins.az-a verilən məlumata görə, iyul ayı ərzində əlavə olaraq 584 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 25 603 nəfərə yüksəlib.

Ölkədə çalışan əcnəbilərin 88,43 faizini (22 652 nəfər) kişilər, 11,57 faizini (2 965 nəfər) isə qadınlar təşkil edir. Ümumilikdə Azərbaycanda 109 ölkənin vətəndaşları işləyir. Ən çox işçi Türkiyədən gəlib - 13 091 nəfər. İkinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 814 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1 512 nəfərə çatıb. Sonrakı yerlərdə İran (944), Çin (835), Hindistan (824), Böyük Britaniya (525), Pakistan (514), Ukrayna (359), Banqladeş (316), Özbəkistan (261), Almaniya (226), ABŞ (220), Filippin (216), Türkmənistan (201), Qazaxıstan (191), Koreya (186), İtaliya (178) və s. ölkələr qərarlaşıb.