Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) sabah İmişli və Beyləqan rayonlarında əmək yarmarkaları keçirəcək. Nazirlikdən fins.az-a verilən məlumata görə, yarmarkalar həmin rayonlardakı Gənclər Mərkəzlərində keçiriləcək.
İşsiz və işaxtaran vətəndaşlara ümumilikdə 470-ə yaxın boş (vakant) iş yeri təklif ediləcək. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə müəyyən edilmiş iş yerləri də var. Tədbirlərdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.
DMX-nin bu ilin 9 ayında ölkənin 50 rayon və şəhərində keçirdiyi əmək yarmarkalarında 3845 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 403 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 190 nəfər ödənişli ictimai işlərə cəlb edilib.