31 Oktyabr

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb. Fins.az-ın məlumatına görə, AMB uçot dərəcəsini 0,25%-dən 8 -dən 7,75%-ə endirib. Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsi ilə bağlı təşkil edilmiş mətbuat konfransında bildirib ki, faiz dəhlizinin aşağı həddi uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmiş, dəhliz simmetriyası saxlanılıb.

Uçout dərəcəsi nədir?

Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması pul bazarında real faiz dərəcələrinə təsir edir. Aşağı faiz milli valyutada yığımları (əmanət yerləşdirməyi) deyil, xərcləməyi stimullaşdırır.

Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Müəllif:Aynur Qəniyeva