31 Oktyabr

Palata nümayəndəsi Bazel Komitəsinin Maliyyə Sabitliyi İnstitutu ilə məsləhətləşmələr aparıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin 2-3 oktyabr tarixlərində Bazel Komitəsinin Bazel Konsultativ Qrupu tərəfindən İsveçrənin Bazel şəhərində keçirilən tədbirdə təmsil olunub.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib

Məlumatda bildirilir ki, 23 üzv ölkənin mərkəzi bank və nəzarət orqanlarının, Maliyyə Sabitliyi İnstitutu (FSI), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) kimi beynəlxalq maliyyə təşkilatlarının və bank nəzarəti qurumlarının iştirak etdiyi tədbirdə Komitənin son görüşlərində qaldırılmış mövzular, risk-əsaslı bank nəzarəti üçün “Proporsionallıq” prinsipi, BASEL III Standartının ölkələr üzrə tətbiqi təcrübəsi, yeni makroprudensial tənzimləmə istiqamətləri müzakirə edilib, nəzarət prinsiplərinin müxtəlif yurisdiksiyalarda tətbiqinə dair təqdimatlar edilib.

Tədbir çərçivəsində Palatanın İdarə Heyətinin üzvü vəzifəsinin icra edən Asim Zülfüqarov ölkənin maliyyə sisteminə dair məlumatlarla çıxış edərək Palatanın bank nəzarəti və tənzimlənməsi istiqamətində gördüyü işlər, BASEL II və III prinsiplərinin tətbiqi üzrə atılmış addımlar və bu məqsədlə Palatanın İdarə Heyəti tərəfindən müəyyən edilmiş Tədbirlər Planı barədə məlumat verib. Eyni zamanda, səfər çərçivəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi ilə bağlı dəstəyin alınması, bu istiqamətdə bilik və bacarıqların artırılması, mövcud təcrübənin öyrənilməsi məqsədilə Komitənin Maliyyə Sabitliyi İnstitutu ilə məsləhətləşmələr aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Müəllif:Aynur Qəniyeva