Hər kəsi düşündürən əsas məsələlərdən biri də, kredit faizlərinin nədən yüksək olmasıdır. Zaman-zaman bu məsələ gündəmə gəlsə də çox təəssüf ki, həll olunmadan gündəmdən çıxıb. Kredit faizlərinin yüksək olmasına sözsüz ki, ölkə iqtisadiyyatında olan vəziyyət də öz təsirini göstərib. İqtisadiyyatın ayrı-ayrı sahələrinin bir-biri ilə qarşılıqlı-asılı olması səbəbindən, bir sektorda baş verən proseslər digər sahəyə də bu və ya digər formada təsir göstərir. Kredit faizlərinin yüksək olmasına əsas səbəb kimi, kreditin maya dəyərinin formalaşmasında birbaşa rol oynayan cəlb edilmiş vəsaitlərin faiz dərəcəsini, adminstrasiya və əməliyyat xərcləri, risklilik üzrə marja və eləcə də iqtisadiyyatın istehsal, xidmət, satış və digər sektorlarındakı inkişaf tempi, məhkəmə-hüquq sistemindəki vəziyyət, rəqabətlilik və s. misal göstərmək olar.
Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin avqust ayı üzrə ümumi bank sektorunun icmal göstəricilərini açıqlayıb. Belə ki, aktivlərin 44.7 %-ini kredit portfeli təşkil edib. Kredit portfelinin 61.5 %-i biznes, 38.5%-ni isə istehlak kreditləri təşkil edir.
Misal üçün, əgər bank vəsaiti, 10%-lə əldə edirsə, rəsmi açıqlanan məlumata görə cəlb edilən əməliyyat xərclərinin 5% kimi qəbul etsək, risk marjası nəzərə alınmadan kreditin birbaşa və dolayı xərcləri 15% civarında olur. Risk marjası və digər əlavələr olmaqla kreditin faiz dərəcəsi 18-20% arasında formalaşır. Banklar risk marjasını əsasən ölkədə məhkəmə sisteminin səmərəli işləməsinə uyğun olaraq müəyyənləşdirir ki, Azərbaycanda da bu gün bu sahədə vəziyyət qənaətbəxş deyil. Banklar özlərini sığortalamaq üçün risk marjasını yuxarı təyin edir ki, bu da kredit faizi ilə depozit faizi arasındakı fərqin yüksək olmasına səbəb olur. 2018-ci ilin məlumatlarında bu göstəricilər bir sıra ölkələrdə aşağıdakı kimidir:
Azərbaycan – 7.70%, Gürcüstan – 2.29%, Ukrayna – 7.23%, Rusiya – 7.02, Çin 2.85%, Moldova 4.36%, Belarus – 2.78%, Qırğızıstan – 17.09%, Ermənistan – 4.13%, Monqolustan – 5.28%.
Bundan başqa banklar arasında rəqabətliliyin aşağı olması da kredit faizin yüksək olmasına səbəb olur. Belə ki, əhali etibarlılıq baxımından iri banklarda vəsaitlərini yerləşdirməyə üstünlük verir ki, bu da nisbətən kiçik bankların yüksək faiz təklif etməsinə səbəb olur. Nəticə olaraq kreditin sonda faiz dərəcəsi yüksəlir. İlk beşlikdə olan banklar ümumi bank sektorunda 75% təşkil etidiyindən daxili bazarda banklararası rəqabətinin nə qədər aşağı səviyyədə olmasını təsəvvür etmək olar.
Verilmiş yüksək faizli kreditlər, iqtisadiyyatda əlavə dəyər yarada bilmədiyindən və bu səbəbdən də ödəmə qabiliyyətinin aşağı düşməsi iqtisadiyyatda növbəti böhran dalğasının əsasını qoymuş olur.
Bəs vəziyyətdən necə çıxmalı?
İlk olaraq ölkə daxilində məhkəmə-hüquq sistemində, biznes mühitinin yaxşılaşdırılması istiqamətində köklü dəyişikliklər edilməli, qərb ölkələrindən iri maliyyə qurumları ilə əlaqələri genişləndirmək, aşağı faizli kredit mənbələrini ölkəyə cəlb etmək, daxildə kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində işləri sürətləndirmək və monopoliyaya birmənalı olaraq son qoymaq, daxili istehsalı stimullaşdırmalı , əlverişli mühitin yaradılmasını təmin etmək. Yalnız, xüsusilə daxili istehsalın dəstəklənməsi halında həm iqtisadiyyat inkişaf edər, həm də bankların kredit üçün risk marjası aşağı düşmüş olar ki, bu da ən azından faiz spredinin azalmasını şərtləndirər.
Düzdür bu istiqamətdə işlər görülməyə başlayıb, amma təəssüf olsun ki, bəzi hallarda bu məmurlar tərəfindən görüntü xatirinə edilir. Dövlət bu işlərin yerinə yetirilməsi üçün də mexanizm hazırlamalıdır ki, qoyulmuş hədəflərə daha effektiv nail olmaq mümkün olsun.