31 Oktyabr

Bir insan maksimum neçə manat pul göndərə bilər ?

Məlum olduğu kimi, tez-tez istifadə edilən bank xidmətlərindən biri də pul köçürmələridir. Pul köçürməsinin həyata keçirilməsi 2 üsulla mümkündür: təcili pulköçürmə sistemləri ilə və hesabdan hesaba köçürmə vasitəsilə.

Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ına əsasən, pul köçürməsi – bank hesabı açılmadan nağd pulun fiziki şəxs tərəfindən banka təhvil verilməsi yolu ilə həyata keçirilən ödənişdir.Ümumiyyətlə, pul köçürmələri ənənəvi qaydada ödəyici və vəsait alan arasında bank hesabları üzərindən aparılan nağdsız hesablaşmalardan fərqlənir. Belə ki, pul köçürmələri ödəyici və vəsait alanın bank hesabı olmadan və ya tərəflərdən hər hansı birinin bank hesabı olmaqla həyata keçirilir. Azərbaycanda pul köçürmələri üzrə limitlər “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar”a uyğun olaraq tənzimlənir. Hazırda istənilən fiziki şəxs (rezident və qeyi-rezident) şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə gün ərzində bir bankdan 1.000 ABŞ dolları ekvivalentindən çox olmayan məbləği banklar vasitəsilə hesabla və ya hesab açmadan xaricə göndərə bilər. Əgər fiziki şəxs birinci dərəcəli qohumuna (ata, ana, həyat yoldaşı, baba, nənə, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər) 1.000 ABŞ dollardan çox pul vəsaiti göndərirsə, bu halda qohumluğu təsdiq edən sənədi təqdim etməklə (misal üçün, nigah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s.) köçürə bilər.