31 Oktyabr

AccessBank Azərbaycan Kredit Bürosuna (AKB) ən çox sorğu göndərən bankların sırasındadır

Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan və Orta Asiya Maliyyə İnfrastrukturu layihəsinin bitməsinə həsr olunan tədbirdə bildirib. Onun sözlərinə görə, bu, AccessBank-ın kreditləşməyə konservativ yanaşmasından irəli gəlir. "Ortalama olaraq AccessBank AKB-yə ay ərzində 17000-dən çox sorğu göndərir. Bu ilin yanvar-avqust ayları ərzində 140000-dən çox sorğu göndərmişik", - deyə bankir bildirib. Bank rəhbəri onu da qeyd edib ki, müştərilərin AKB-də yoxlanılması AccessBank-ın kredit risklərinin əhəmiyyətli dərəcədə endirilməsinə səbəb olur və müştərilərin kredit borclanmasının qarşısını almağa imkan yaradır. Anar Həsənov əlavə edib ki, AKB-nin hesabatları bank sektorunu böyük həcmdə faydalı məlumatlarla təmin edir: "Bu yaxınlarda webservice funksiyası təqdim olundu ki, o da banklara AKB hesabatlarını istənilən formatda əldə etməyə imkan verir və banklar tərəfindən bu məlumatların kütləvi analiz üçün istifadə olunmasını təmin edir. Həmçinin, bu funksiya məlumatların daha sürətlə əldə olunmasını təmin edir, bununla da kredit işinin effektivliyini artırmış olur".