Bu gün Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilib.
İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında təşkil olunub.
İclas saat 15:00-da təyin olunsa da, yetərsayın vaxtında olmaması ilə əlaqədar, təxminən, yarım saat gec baş tutub. Komitənin sədri Şahin Əhmədov bildirib ki, “Bank Standard”da 10 min ABŞ dollarına qədər qorunmayan əmanəti olanlar tezliklə pullarını alacaqlar: “Mənə bunu rəsmi dairələrdən bildiriblər”.
“Bank Standard”da qorunmayan əmanəti olan 15 min nəfər pulunu I növbədə götürmək hüququ əldə edib.
Bu barədə ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev məlumat verib.
Onun sözlərinə görə, digər bağlanmış banklarda isə təxminən 35 min belə əmanətçi var. Onların pulunu növbədənkənar götürməsi ilə bağlı məhkəmə qərarı mövcuddur.
“Əmanətçilərə ödənişləri yaxın vaxtlarda həyata keçirməyi planlaşdırırıq. Hazırda hazırlıq işləri gedir. Ödəniş məsələsində ləğv prosesində olan “Dəmir Bank” ASC ilə bağlı müsbət təcrübədən istifadə edəcəyik. Bildiyiniz kimi, həmin bankın əmanətləri agent bank vasitəsi ilə nağdsız qaydada qaytarılıb. 1 000 manata qədər əmanəti olanlara kod verilirdi və o kod vasitəsi ilə istənilən bankomatdan pul götürülürdü. Daha yüksək məbləğdə əmanətlər isə adlı plastik kartlar vasitəsi ilə qaytarılırdı. Vətəndaş pulunu həm faizsiz nağdlaşdıra, həm də nağdsız qaydada istifadə edə bilərdi. İndi də geniş filial şəbəkəsinə malik banklardan birini agent seçib 10 min ABŞ dollarına qədər əmanətləri qaytarmağı düşünürük”, - deyə V.Abdullayev qeyd edib.
ADIF rəhbəri “Bank Standard”ın Ləğv Planı barədə də danışıb və yaxın 10-15 gün ərzində məhkəmə yolu ilə sözügedən sənədin son variantının müəyyən olunacağını deyib.
Bundan başqa, onun sözlərinə görə, “Bank Standard”ınvaxtilə verdiyi kreditlərin 70 milyon manatı geri qaytarılıb.
"Bankdan, ümumilikdə, 18 min kredit verilib. Bunun 10 mini hazırda ödənilir, 6 mininin geri qaytarılması ilə bağlı məhkəmə qərarı çıxarılıb, 2 mininin geri qaytarılması ilə bağlı isə hüquqi prosedurlar davam etdirilir", - deyə V.Abdullayev qeyd edib.
***
“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası gələn il dekabrın 23-də olacaq.
Bu barədə Komitənin bu gün keçirilmiş iclasında məlumat verilib.
Bununla da iclas başa çatıb.
(c) renkinq