Vladimir Zelenski islahatçı kimi ölkəni təkmilləşdirmək istəyirsə, oliqarxlardan uzaq durmalıdır.
Lakin son iki həftədir narahatlıq doğuran hadisələr baş verməyə başlayıb. Prezident postunu tutmaqda Zelenskiyə kömək etdiyi ehtimal edilən, iyirmi ilə yaxındır xaricdə yaşamaq məcburiyyətində qalan milyarder oliqarx İqor Kolomoyski Kiyevdə gurultulu bəyanat verib. Bundan sonra baş nazir qəzetə müsahibəsində bildirib ki, Kiyev “PrivatBank” probleminin həllində kompromisli qərar axtarmağa hazırdır. Belə ki, 2016-cı ilədək Kolomoyskinin sahibkarı olduğu bu bank ehtimal edilən 5,5 milyard dollarlıq boşluğa görə milliləşdirilib.
Bu barədə “The Financial Times” qəzetinin redaksiya məqaləsində deyilir.
Kiyev oliqarxa qarşı məhkəmədə iddia qaldırmaqla milyardları geri qaytarmağa çalışır. Kolomoyski iddia edir ki, əvvəlki hökumət qiymətli aktivlərə sahib olmaq üçün əsassız olaraq məsələ qaldırıb. Bankın əvvəlki sahiblərinə geri qaytarılması və ya Kolomoyskinin iddialarına rədd cavabı nəinki maliyyə sabitliyini müdafiə etmək məqsədilə “PrivatBank”ın milliləşdirilməsində israr edən Beynəlxalq Valyuta Fondu (BVF) və başqa qərb tərəfdaşlarının gələcəkdə maliyyə dəstəyini təhlükə altına qoyacaq, eyni zamanda hökumətin digər müsbət addımlarını korlaya bilər.
Ukraynanın kleptokratik idarə modelindən tamamilə qurtulduğunu görmək istəyən qərbli tərəfdarlar bir çox məsələdə Zelenskiyə etimad krediti veriblər. Hərçənd komediya aktyoru Kolomoyskinin telekanalında yayımlanan verilişlər və teleserial sayəsində populyarlıq qazanıb. Onlar bir məsələni nəzərdən qaçırıblar: prezident Kolomoyskinin vəkili Andrey Boqdanı öz ofisinə rəhbər təyin edib. İnvestorlar prezidentin baş nazir postuna təyin etdiyi 35 yaşlı Aleksey Qonçaruku müsbət qarşılayıblar. Belə ki, sonuncu kənd təsərrüfatı torpaqlarının satışının leqallaşdırılması üzrə proqramın icrasına, dövlət müəssisələrinin özəlləşdirilməsinə, əmək bazarının liberallaşdırılmasına, reyderliklə mübarizəyə və mülkiyyətin müdafiəsinin gücləndirilməsinə başlayıb.
Nəşr xatırladır ki, sentyabrın 10-u prezident kabinetində Zelenski və Boqdanla yanaşı oturan, üzü gülən Kolomoyskinin fotoşəkli yayımlanıb. Milyarder rəqib oliqarx tərəfindən təşkil edilən Kiyev forumunda gurultulu bəyanatları ilə diqqət cəlb edib. Ardınca baş nazir “The Financial Times” qəzetinə müsahibəsində təsadüfən ağzından qaçırıb ki, Zelenski “PrivatBank” məsələsi ilə bağlı “birgə həll yolu tapmaq” istəyir, hərçənd sonradan düzgün anlaşılmadığını qeyd edib.
Başqa təhlükəli hadisələr də nəzərə çarpmağa başlayıb. Polis “PrivatBank”ın ofisində və son illər ölkənin bank sektorunda “təmizlik işlərinə”, o cümlədən Kolomoyskiyə məxsus bankın milliləşdirilməsinə rəhbərlik edən Ukrayna Milli Bankının keçmiş direktoru Valeri Qontarevin evində axtarış aparıb. Ötən çərşənbə axşamı Qontarevin Kiyev yaxınlığındakı bağ evində qəsdən yanğın törədilib. Kolomoyski bu hadisələrdə əli olmadığını bildirir. Həmin hadisələrin arxasında kim dayandırsa dayansın, bu hallar 20 il əvvəlki şübhəli metodları və qaranlıq dövrü xatırladır. Halbuki ölkə bunun əks obrazını yaratmaq istəyir. Xüsusən indi, Zelenskinin beynəlxalq qalmaqala cəlb edildiyi bir vaxtda. Belə bir məlumat yayılıb ki, ABŞ prezidenti Donald Tramp (Donald Trump) ukraynalı həmkarından Amerikanın keçmiş vitse-prezidenti Co Baydenin (Joe Biden) oğluna qarşı araşdırma başlatmasını xahiş edib.
“PrivatBank” məsələsinin həlli müəssisənin keçmiş sahiblərindən maksimum məbləğdə cərimə nəzərdə tutmalı və BVF ilə razılaşdırılmalıdır. Bundan başqa, prezident həlledici seçim qarşısındadır. Ölkə əhalisinin çoxu hesab edir ki, onun sələfi milyarder Petr Poroşenko prezidentlik fəaliyyəti dövründə oliqarx olmaqdan qurtula və əsl islahatçı dövlət xadiminə çevrilə bilməyib.
Zelenski qərar verməlidir: o, xalqın yoxsa oliqarxların xidmətçisi olmaq istəyir?!