31 Oktyabr

Azərbaycan üzrə portfeli 100 mln. avrodan çox olan xarici bank sədrindən AÇIQLAMA

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan üzrə investisiya portfelini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Fins.az xəbər verir ki, bu barədə bankın prezidenti Dmitri Pankin məlumat verib.

“Yaxın vaxtlarda biz Azərbaycan üzrə 2022-ci ilə qədər olan dövrü əhatə edən yeni ölkə strategiyasının hazırlanmasını başa çatdıracağıq. Bu strategiya iqtisadiyyatın qeyri-neft sektorunun bundan sonra da dəstəklənməsi şərtilə investisiya portfelimizin dəfələrlə əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur”, - deyə o bildirib.

D.Pankinin sözlərinə görə, hazırda QDTİB-nin Azərbaycan üzrə portfeli 100 mln. avrodan bir qədər çoxdur.

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir