31 Oktyabr

Palata rəsmisi “Kapital bazarları tənzimləyicilərinin birinci forumunda iştirak edib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin nümayəndəsi 29-30 avqust 2019-cu il tarixlərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına üzv öklələrin İslamabad şəhərində təşkil edilən “Kapital bazarları tənzimləyicilərinin birinci forumu”nda iştirak edib.

Fins.az xəbər verir Asiya İnkişaf Bankının təşkilatçılığı ilə keçirilmiş forumda CAREC proqramına üzv olan 11 ölkənin rəhbər şəxsləri, o cümlədən Pakistan Respublikasının Maliyyə Nazirliyinin, Mərkəzi Bankının, Pakistan Kapital Bazarlarına Nəzarət Komissiyasının və Pakistan Fond Birjasının nümayəndələri iştirak edib. Forumda CAREC ölkələrinin kapital bazarlarının inteqrasiyası, bu sahədə regional əməkdaşlığın mümkün istiqamətləri, bu əməkdaşlığın perspektivləri, regional əməkdaşlıq üzrə atıla biləcək addımlar müzakirə edilib, habelə beynəlxalq maliyyə institutlarının tövsiyələri dinlənilib.

Forum zamanı Azərbaycan Respublikasının kapital bazarlarında son dövrlərdə tətbiq edilmiş yeniliklər, bu yeniliklərin investisiya mühitinə müsbət təsiri və nəzərdə tutulan layihələr barədə məlumat verilib. Eyni zamanda ölkəmizin kapital bazarlarının təklif etdiyi imkanlar, xarici investisiyaların təşviqi üzrə atılan addımlar təbdir iştirakçılarının diqqətinə çatdırılıb.

CAREC proqramı 2001-ci ildən fəaliyyət göstərməkdədir və proqrama üzv olan ölkələrin sırasına Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Pakistan, Monqolustan və Çin Xalq Respublikası daxildir. CAREC proqramı çərçivəsində üzv ölkələr arasında iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması istiqamətində əməkdaşlıq aparılır.