31 Oktyabr

Mərkəzi Bank və “Visa” 2021-ci ilə qədər Azərbaycanda birgə lotereya keçirəcək

Azərbaycan Mərkəzi Bankı və “Visa” Beynəlxalq Xidmət Assosiasiyası rəqəmsal ödənişlər sahəsində birgə fəaliyyətə dair razılığa gəlib. Bu barədə AMB-nin məlumatında qeyd olunur.Fins.az xəbər verir ki, məlumatda bildirilir ki, “Çərşənbə axşamı AMB və “Visa” arasında “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb”,

Memorandum çərçivəsində elektron ticarət, mobil ödənişlərin inkişafı, iqtisadiyyatın ayrı-ayrı sahələrində müasir ödəniş alətlərindən istifadə imkanlarının yaradılması və maliyyə savadlılığı sahəsində birgə əməkdaşlıq fəaliyyətinin təşkili üzrə razılığa gəlinib.

“Eyni zamanda, AMB və “Visa” tərəfindən 2020-ci ilin sonunadək nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Bakı və regionlarda birgə lotereyanın keçirilməsi, nağdsız ödənişlərin təbliğatı, müasir ödəniş həllərinin təşviqi və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”, - məlumatda qeyd edilir.