Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş kapital bazarları vasitəsilə maliyyələşmənin təşviq edilməsi, listinqə çıxış imkanlarının genişləndirilməsi, təksahiblik düşüncə tərzinin dəyişdirilməsi, habelə maliyyə savadlılığının artırılması istiqamətində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Hilton otelində “Dövlət şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməsi” mövzusunda maarifləndirici seminar keçirilib.
Fins.az Palataya istinadən xəbər verir ki, tədbirdə Türkiyənin Anadolu Univeristetinin professoru tərəfindən dövlət şirkətlərinin kapital bazarları vasitəsilə özəlləşdirilməsi sahəsində Türkiyə təcrübəsi haqqında geniş məlumat verilib.
Eyni zamanda, Palatanın, Bakı Fond Birjasının və investisiya şirkətlərinin nümayəndələri tərəfindən tədbir iştirakçılarına kapital bazarlarında maliyyələşmənin üstünlükləri, korporativ idarəetmə, qiymətli kağızların kütləvi təklifi, səhm və istiqraz emissiyalarının həyata keçirilməsi barədə geniş məlumat verilib.
İnteraktiv müzakirələr və dialoq formatında keçirilən tədbir çərçivəsində iri dövlət şirkət və müəssilərinin kapital bazarlarında maliyyələşməsi təşviq edilib, bununla bağlı Bakı Fond Birjası tərəfindən həyata keçirilən və qabaqcıl audit, hüquq və investisiya şirkətləri tərəfindən ödənişsiz əsaslarla məsləhət xidməti verən “Listinq Məsləhət Proqramı”na qoşulmaları tövsiyə edilib.
Diskussiyalarla zəngin olan tədbirdə 20-dən çox dövlət şirkətinin nümayəndələri iştirak edib.