31 Oktyabr

Mərkəzi Bank müsabiqə keçirib

Mərkəzi Bankın dəstəyi ilə növbəti maliyyə savadlılığı müsabiqəsi keçirilib. Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, Mərkəzi Bank Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə bağlı tədbirlərin dəstəklənməsini cari ildə də davam etdirir.

Mərkəzi Bank, Təhsil Nazirliyi, Gənclər Fondunun dəstəyi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə 26 aprel 2019-cu il tarixində Bakı Konqres Mərkəzində “Ağıllı Büdcə” layihəsi çərçivəsində öyrədici rəsmli divar elanı - poster müsabiqəsi keçirilib.

Tədbirin əsas məqsədi şagirdlərin maliyyə savadlılığı üzrə mövzuları ictimaiyyətə tanıtmaq üçün poster üzərinə köçürərək təqdim etmələrini, onların yaradıcı düşüncələrinin inkişafını, ümumilikdə onlar arasında maliyyə savadlılığını təşviq etməkdən ibarət olub.

İki mərhələdə keçirilən layihənin ilkin mərhələsində 300 şagird interaktiv büdcə planlaşdırılması, ona nəzarət, gəlir, xərc və qənaət kimi anlayışlarla daha dərindən tanış olmuş, bu mövzuda praktiki bacarıqlarını artırıblar.

Növbəti mərhələdə isə 23 komandadan ibarət 168 şagird posterlərlə müsabiqədə iştirak edib.

Komandalar büdcə, bank, bank kartları, vergi, sığorta və s. mövzularda əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək üçün posterlər hazırlayıblar.

İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə Nümayəndəliyi, Təhsil Nazirliyi, Mərkəzi Bankın əməkdaşlarından və müstəqil ekspertlərdən ibarət münsiflər heyəti təqdim olunmuş posterləri kreativ düşüncə, mesajın aydınlığı və təqdim etmə qabiliyyətinə görə qiymətləndirərək 3 ən yaxşı poster hazırlayan komandanı müəyyənləşdiriblər.

Qalib komandalara sertifikatlar və hədiyyələr təqdim olunub. Mərkəzi Bank tərəfindən müxtəlif hədəf qruplarının maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirmə və təbliğat-təşviqat tədbirlərinin keçirilməsi, o cümlədən bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsi gələcəkdə də davam etdiriləcək.