Yaxın perspektivdə əsas məqsədimiz müştərilərimizə xidmət baxımından alternativlərin təklif edilməsidir. Bunu Fins.az-ın sorğusuna cavabında “Rabitəbank”-ın Marketinq Departamentinin rəhbəri Ələkbər Eyvazlı bildirib. Əslində burada iş yalnız mobil və internet bankçılıq xidmətləri ilə də tamamlanmır deyən bank rəsmisi qeyd edib ki, “Rabitəbank” bir müddət öncə özünün RabitaBot adlı ölkəmizin bank sistemində ilk maliyyə əməliyyatları icra edə bilən Messencer və Telegram Botu müştərilərin istifadəsinə verib:
“Müştərilər bu botdan istifadə edərək, bir sıra maliyyə əməliyyatları o cümlədən pul göndərmə və qəbuletmə kimi funksiyalardan faydalana bilərlər. Hətta, artıq bank sektorunda ilk dəfə bot üzərindən kommunal ödənişlərin edilməsi də təmin olunub. Bizim əsas məqsədimiz müştərilər olduğu yerlərdə olmaqdır və mərhələli şəkildə məhsullarımızı müştərilərə tam xidmət verəcək səviyyədə inkişaf etdiririk”.
Onun sözlərinə görə, əsas yeniliklər mobil tətbiqin istifadə verilməsi zamanı artıq yeni tətbiqdə olacaq: “Ümid edirik ki, müştərilərimiz bu həllərdən faydalanaraq həyatlarını biraz daha asanlaşdıracaqlar. “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nin təqdim etdiyi banklarda və digər təşkilatların informasiya sistemlərində vətəndaşların imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsi üçün mobil elektron imzanın bankımızda tətbiqi də gözlənilir.
Həmçinin, müştərilərə daha sürətli və keyfiyyətli xidmətin təqdim edilməsi məqsədi ilə eyni mərkəz tərəfindən yaradılmış “ASAN Finans” layihəsi çərçivəsində müştərilərin şəxsiyyətini təsdiq edən sənəd və iş yeri haqqında məlumatlarının anında, elektron formada əldə edilməsi imkanının tətbiq edilməsi də planımızdadır”.
Müəllif: Elmir Murad