31 Oktyabr

Bu bankdan kredit götürənlərin bəzilərinin kompensasiya siyahısında adı yoxdur

"Dəmirbank"dan dollarla kredit götürənlərin kompensasiyasının hesablanmasında problemlər yaranıb. Fins.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən Astara rayon sakini Rəşad Həsənov bildirib ki, 2014-cü ildə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-dən 8974 ABŞ dolları kredit götürüb.

Kreditin 7600 dollarını devalyasiyadan sonra1.05 məzənnə ilə ödəyib və 2015-ci ilin avqust ayına borcunu tam bağlayıb. Lakin kompensasiya alacaq şəxslərin siyahısında onun adı çıxmayıb.

Lisenziyasına xitam verilən "Dəmirbank"ın ləğvedicisi təyin olunan Əmanətlərin Sığortalanması Fondundan qafqazinfo-ya bildirilib ki, bu problem sırf həmin vətəndaşla bağlı deyil:

""DəmirBank"ın müştəri bazası vahid sistemdə olmadığına görə məlumatın sistemə yüklənməsi mərhələli şəkildə aparılır. O bankın üç "core banking"i olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənir.

Vətəndaşlardan xahiş edirik ki, narahat olmasınlar. Proqram yeniləndikcə məlumatların hamısı görünəcək. Yaxın 3 gün ərzində "Dəmirbank"ın bütün müştərilərinin məlumatları sistemə daxil ediləcək və istifadəçilər kompensasiya alacaq şəxslərin siyahısında öz adlarını görə biləcəklər".