Xəbər verdiyimiz kimi Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektoru barədə növbəti hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, hesabatda cari ilin Yanvar- Fevral aylarında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib. 2018-ci ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 2,9 dəfə azalıb. Səbəb bu il bankların mənfəətin böyük hissəsini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarıdır.
2018-ci ilin ilk 2 ayı ərzində bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis 141.3 milyon manat təşkil etmişdi.
2019-cu ilin yanvar-fevral ayları ərzində bankların cəmi gəlirləri 418,5 milyon manat, cəmi xərcləri 304,8 milyon manat təşkil edib. Nəticədə 113.7 milyon manat əməliyyat mənfəəti formalaşıb.
Əməliyyat mənfəətinin 55.4 milyon manatı ehtiyatlara yönəldilib. 2.1 milyon manatlıq “digər gəlirlər” daxil bank sektorunun mənfəəti 60.4 milyon manata düşüb. Bu mənfəətdən də 11.2 milyon manat mənfəət vergisi ödənilib.
2018-ci ilin ilk 2 ayı ərzində bankların cəmi gəlirləri 357,7 milyon manat, cəmi xərcləri isə 244 milyon manat təşkil etmişdi. Nəticədə 113.7 milyon manat əməliyyat mənfəəti formalaşmışdı. Eyni zamanda, əvvəlki dövrlər yaradılmış ehtiyatdan azad olmuş 30.8 milyon manat mənfəətə əlavə edilmişdi. Nəticədə, digər gəlirlər daxil bank sektorunun cəmi mənfəəti 145.5 min manata qalxmışdı. Bu mənfəətdən 4.2 milyon manat mənfəət vergisi ödənilmişdi.
Müəllif: Elmir Murad