Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin yaranmasından 29 il ötür. Fins.az ABA-ya istinadən xəbər verir ki, birliyin hazırda 33 üzvü var. Belə ki, 29 bank, 3 bank olmayan kredit təşkilatı və 1 kart prossesinq mərkəzi.
Assosiyasianın qurulmasındakı əsas məqsəd üzv-təşkilatların birgə korporativ maraqlarını dövlətin qanunverici, icra edici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda təmsil etmək, onların müxtəlif növ iş güzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.
ABA tərəfindən aktiv fəaliyyətdə olduğu dövr ərzində bu məqsədləri reallaşdırmaq istiqamətində əhəmiyyətli işlər görülməklə yanaşı, ölkədə həyata keçirilən iqtisadi islahatların bank sektoru tərəfindən dəstəklənməsində də böyük əmək sərf edilib. ABA-nın təşkilati strukturu da bu məqsədlərə və dövrün tələblərinə uyğun olaraq dəyişmiş və inkişaf edib. Bu struktura əsasən, hazırda ABA-nın ali idarə etmə orqanı Ümumi Yığıncaqdır və bütün üzv təşkilatların təmsilçilərini özündə birləşdirir. Rəyasət Heyəti isə ona verilmiş səlahiyyətlər çərçivəsində ABA-nın ümumi idarə etməsini həyata keçirir.
Qərarların icrası və cari məsələlərin həlli isə İcra Aparatı tərəfindən həyata keçirilir. Ümumilikdə ABA nəzdində 6 törəmə qurum (Azərbaycan Bank TədrisMərkəzi, Biləsuvar Bağça-Lisey-Məktəb Kompleksi, Banklar və Biznes Qəzeti, Banklar və Biznes Jurnalı, Bank İnformasiya Texnologiyaları Mərkəzi, Hərrac Mərkəzi), həmçinin Münsiflər Məhkəməsi mövcuddur.
Bunlarla yanaşı, bank sektorunun müxtəlif istiqamətlərində birgə fəaliyyətin gücləndirilməsi və daha effektiv olması məqsədi ilə ABA-nın tərkibində bankların həmin sahələrdəki təcrübəli mütəxəssislərinin toplandığı 12 Ekspert Qrupu fəaliyyət göstərir. ABA-nın əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əlaqələrin qurulmasıdır. Bu istiqamətdə də əhəmiyyətli işlərə imza atılıb. Keçən dövr ərzində ABA həm ayrı-ayrı ölkələrin banklar assosiasiyaları ilə, həm də onların beynəlxalq və regional bilikləri ilə sıx əlaqələr qurub.
Belə ki, indiyə qədər 12 ölkənin banklar assosiasiyaları və bir regional banklar assosiasiyası ilə əməkdaşlıq sazişləri imzalanıb. Bununla yanaşı, ABA hazırda Avropa Bank Federasiyasının və MDB, Mərkəzi və Şərqi Avropanın bank assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının üzvüdür. Həmçinin ABA tərəfindən təşkil olunan beynəlxalq maliyyə-bankçılıq forumları və sammitləri regionun ən nüfuzlu maliyyə tədbirlərindən hesab edilir. ABA 29 ildir ona dəstək olan və daim etimad göstərən üzvlərinə, fəaliyyətinə əvəzsiz töhfələr verən bank ekspertlərinə və dəyərli tərəfdaşlarına təşəkkür edir!