“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı neçə illərdən bəri vətəndaşların gözləntisinə cavab verən bir addımdır. Problemli kreditlərlə bağlı vətəndaşlarda bir qədər pessimizm var idi. Bu məsələnin həllinə sanki banklarla vətəndaşlar atasında və sonradan da bankların müraciəti əsasında olan çəkişmə prosesi kimi üzücü, yorucu və həlli mümkün olmayan bir proses kimi baxılırdı". Fins.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmana münasibət bildirərək deyib.
Deputat deyib: “Dövlət bu addımına təkcə, sosial siyasət kimi deyil, vətəndaşın dirçəldilməsi kimi baxılmalıdır. Çünki bu proses pessimist, müəyyən obyektiv səbəblərdən sıxıntı işinə düşmüş, ABŞ dollarının kursunun dəyişməsi nəticəsində arzu və planları alt-üst olmuş insanların bir neçə il davam edən probleminə son qoyulması üçün əhəmiyyətli bir hadisədir. Dövlət kreditin hansı motivlərlə götürülməsinə əhəmiyyət vermədən hamını əhatə edən siyasət aparır. Əlbəttə ki, kredit götürənlər arasında müəyyən faydalı işlər görmək üçün bu addımı atanlar da olub. Lakin müəyyən çatışmazlığı aradan qaldırmaq, hansısa məişət problemini həll etmək üçün kredit götürənlər də var. Onların arasında rahat və komfortlu həyat üçün bunu edənlər də var. Mənim fikrimcə, burada əsas səbəb, dövlət Azərbaycan vətəndaşının etibarını qazanmaq, onu stimullaşdırmaq və gələcəkdə daha çox məşğulluqla əlaqədar proseslərə cəlb olunması üçün start vəziyyətinə gətirir. İnsan problemli olanda özünü start vəziyyətində hiss edə bilmir. Bundan sonrakı mərhələdə məşğulluq sahəsində real addımların atılması və onların ələbaxımlıqdan, dövlətdən sosial vəsaitlər ummasından fərqli bir situasiyaya gətirilməsinə xidmət edir. Ona görə də banklara 0,1 faizlə beşillik müddətə bir illik güzəşt olmaqla vəsaitin ayrılmasına və Fərmanda göstərildiyi kimi, 1 faizlə kreditin vətəndaşlara verilməsi həm borcların ödənilməsinə xidmət edəcək, həm də vətəndaşın öz problemlərini həll etmək üçün yaranan bir fürsətdir. Bu baxımdan vətəndaşın dirçəldilməsi prosesinin məşğulluğa, dövlət üçün daha çox fədakarlıq göstərməyə imkan yaradır”.
Fazil Mustafa kreditlərin hamısının niyə bağışlanmaması haqqında səslənən fikirlərə də münasibət bildirib: “Ölkədə sosial ələbaxımlığı da tədricən aradan qaldırmaq lazımdır. Ona nail olmaq lazımdır ki, əhali start vəziyyətinə gələndən sonra rahat şəkildə ixtisas seçmək, iş yerləri tapa bilmək və ölkənin büdcəsi üçün töhfə verə bilmək imkanı əldə etsin. Belə bir vətəndaş təbəqəsi yaradılması üçün addım atılmalıdır”.
© AZƏRTAC