31 Oktyabr

Rəşad Həsənov:"Bu günə qədər problemli kreditlər üzrə hesablanmış və ödənilməmiş bütün faizlər, cərimələr silinəcək"

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman verib ."Spektr" Sosial- İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru Rəşad Həsənov fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanın mahiyyəti barədə fikirlərini bölüşüb.

Devalvasiyalardan sonra ölkəmizin bank sektorunun üzləşdiyi əsas problemlərdən biri də vaxtı keçmiş kreditlərin həcminin artması olmuşdur. “Vaxtı keçmiş kredit” və yaxud “problemli kredit” anlayışının vahid bir tərifi yoxdur. Bu anlayışın mahiyyətini izah etmək üçün müxtəlif beynəlxalq maliyyə institutları tərəfindən fərqli yanaşmalar irəli sürülmüşdür. Həmçinin ayrı-ayrı ölkələrin milli qanunvericiliklərində də “problemli kredit” anlayışının məhz hansı borcları əhatə etməsi ilə bağlı yanaşmalar fərqlidir. Beynəlxalq Valyuta Fondu (BVF) verdiyi tərifə əsasən faiz ödəmələri və əsas borc üzrə ödəmələri razılaşdırılmış ödəmə qrafikindən 90 gün və daha çox gecikdirilmiş və ya ən az 90 günlük faiz ödəmələri müqavilə ilə kapitallaşdırılmış, yenidən maliyyələşdirilmiş və ya təxirə salınmış kreditlər “vaxtı keçmiş kredit” hesab olunur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda isə “vaxtı keçmiş kredit” - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən otuz təqvim günündən artıq gecikdirilmiş kreditdir.Dünya Bankının son hesabatına əsasən 2017-ci ildə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisinin dünya üzrə orta göstəricisi 3,4%, o cümlədən Avropa İttifaqı ölkələrində 3,7%, yüksək gəlirli ölkələrdə 2,4%, aşağı və orta gəlirli ölkələrdə isə 5,6% təşkil etmişdir. Ölkəmizdə isə bu göstərici 2017 və 2018-ci illərdə ikirəqəmli səviyyəyə yüksəlmişdir.Mərkəzi Bankın son məlumatına görə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 2018-ci ildə 1,6 milyard manata yaxın təşkil etmişdir. 2017-ci ilə nisbətən 2018-ci ildə problemli kreditlərin həcmi təxminən 2,6% azalmışdır. Ötən ilin sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,7% təşkil etmişdir.Adətən problemli kreditlərin yaranmasına səbəb olan daxili və xarici amillər fərqləndirilir. Daxili amillərə kredit münasibətlərində iştirak edən iki tərəfin (bank və borcalan) çatışmazlıqları ucbatından kreditlərin problemli vəziyyətə gəldiyi hallar aid edilir. Daxili amillər özləri də banklarla əlaqəli amillər və borcalan şirkətlər və ya fiziki şəxslərlə əlaqəli amillər olaraq iki altqrupa bölünür. Məsələn, bank kredit verilməsi zamanı borc alanın maliyyə vəziyyətini və riskləri düzgün qiymətləndirməyərək və ya zəruri girov təmin etməyərək problemli kreditin yaranmasında pay sahibi ola bilər. Eyni zamanda borcalanla əlaqəli səbəblər onun maliyyə vəziyyətinin pisləşməsi, bazar konyukturunun dəyişməsi və s. ola bilər.Problemli kreditlərin yaranmasına səbəb olan xarici amillər isə kredit münasibətlərinin tərəflərinin iradələrindən asılı olmayan səbəblər kimi ifadə edilir. Buraya iqtisadi, siyasi, texnoloji və təbii dəyişikliklərin səbəb olduğu problemlər nəticəsində kreditlərin problemli vəziyyətə gəlməsi aiddir.Daxili amillərin təsiri ilə yaranan problemli kreditlər daha çox fərdi xarakterli olurlar, nə həmin bankın vəziyyətinə, nə də bütünlükdə ölkə iqtisadiyyatına əhəmiyyətli təsir edəcək dərəcədə ciddi olmurlar. Əksinə xarici amillərin təsiri ilə formalaşmış problemli kreditlər bütünlükdə bazara təsir göstərməklə, ölkə iqtisadiyyatı və bank sektoru üzərində dağıdıcı təsirə malik ola bilərlər.Ölkəmizdə 2014-cü ildən başlayaraq problemli kreditlərin həcminin kəskin artması daha çox xarici amillərin təsiri ilə baş vermişdir. Belə ki, 2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmiş, ölkədə valyuta daxilolmalarının və büdcə gəlirlərinin azalmasına gətirib çıxarmışdır ki, bu da öz növbəsində büdcə xərclərinin və investisiyaların azalmasına və iqtisadi artım tempinin zəifləməsinə səbəb olmuş, fiskal riskləri artırmışdır. Bu proseslərin fonunda manatın xarici valyutalara qarşı kəskin dəyərdən düşməsi xarici valyutada borcu olan şirkətlərin və vətəndaşların borc həcmini və maliyyə yükünü artırmışdır. Digər tərəfdən də dövlət investisiyalarının azalması, fiskal konsolidasiya nəticəsində iqtisadi fəallığın azalması gəlirlərin azalmasına səbəb olmuş və bu da öz növbəsində devalvasiyaya görə artan borcların geri qaytarılmasında çətinliklər yaratmışdır.

Belə olan şəraitdə ölkədə maliyyə dayanıqlığının və risklərin idarə edilməsi tədbirlərinin daha da gücləndirməsi zərurəti yaranmışdır. Yeni iqtisadi modelə keçid və post neft dövründə iqtisadi siyasətin yeni çağırışlara uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirilməyə başlanılmış, maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi qəbul edilmiş və bu sənəddə müəyyən edilmiş strateji hədəf və məqsədlərin icrasına başlanılmışdır.Prudensial tənzimləmə və nəzarətin gücləndirilməsi, sərt monetar siyasətin tətbiqi nəticəsində iqtisadiyyata kredit qoyuluşları əhəmiyyətli dərəcədə azalmışdır. Belə ki, 2015-ci illə müqayisədə 2018-ci ildə kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi 40% azalmışdır. Kredit portfelinin ümumi həcminin kiçilməsi fonunda problemli kreditlərin həcminin də artması nəticə etibarı ilə problemli kreditlərin kredit portfelində payının artmasına səbəb olmuşdur (şəkil 1.).Banklar tərəfindən verilmiş kreditlərin strukturuna nəzər saldıqda görürük ki, 2018-ci ilin sonuna məcmu bank kreditlərinin 38%-ni xarici valyutada verilmiş kreditlər, 62%-ni isə manatla verilmiş kreditlər təşkil edir. Vaxtı keçmiş kreditlərin strukturunda isə xarici valyutada verilmiş vaxtı keçmiş kreditlərin payı 51%, manatla verilmiş problemli kreditlər isə 49%-dir. Göründüyü kimi, problemli kreditlərin daha çox hissəsini xarici valyutada verilmiş kreditlər təşkil edir. Eyni zamanda problemli kreditlərin əsas hissəsi uzunmüddətli kreditlərin payına (79,2%) düşür (cədvəl 1.).Təəssüf ki, problemli kreditlər barədə daha geniş məlumatların, yəni bu kreditlərin iqtisadiyyatın sahələri, borcalanların təşkilati hüququ forması, fəaliyyət sahələri, verilmiş kreditlərin növləri, banklar və s. üzrə strukturu barədə göstəricilərin aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə açıqlanmaması problemin təhlili və həlli istiqamətləri ilə bağlı konkret təkliflərin verilməsini çətinləşdirir. Əlimizdə təhlil üçün kifayət məlumat olmadığından vaxtı keçmiş kreditlərin böyük hissəsinin sahibkarlara verilmiş biznes kreditləri, yoxsa fiziki şəxslərə verilmiş istehlak kreditləri təşkil etdiyini dəqiq deyə bilmirik.

Cədvəl 1. Vaxtı keçmiş kreditlərin həcmi və strukturu, 2010-2018

İllər

Kredit təşkilatları tərəfindən kredit qoyuluşlarının həcmi, mln. manat

Vaxtı keçmiş kreditlərin həcmi, mln. manat

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı, %-lə

Milli valyutada vaxtı keçmiş kreditlər, mln. manat

Xarici valyutada vaxtı keçmiş kreditlər, mln. manat

Cəmi

ümumi vaxtı keçmiş kreditlər portfelində payı, %-lə

Qısamüddətli

Uzunmüddətli

Cəmi

ümumi vaxtı keçmiş kreditlər portfelində payı, %-lə

Qısamüddətli

Uzunmüddətli

2010

9163.4

492.9

5.38

342.1

69.41

156.8

185.3

150.8

30.59

82.4

68.4

2011

9850.3

633.8

6.43

452.1

71.33

233.8

218.3

181.7

28.67

92.4

89.3

2012

12243.7

748.8

6.12

575.7

76.88

304.7

270.9

173.2

23.13

80.7

92.5

2013

15422.9

792.8

5.14

627.4

79.14

287.9

339.5

165.4

20.86

74.2

91.1

2014

18542.6

976.3

5.27

767.6

78.62

301

466.5

208.8

21.39

90.6

118.1

2015

21730.4

1508.5

6.94

840.2

55.70

268.2

572

668.3

44.30

304.8

363.5

2016

16444.6

1472.6

8.95

682.4

46.34

147.3

535.1

790.2

53.66

192.9

597.3

2017

11757.8

1626.7

13.84

789.3

48.52

164.5

624.8

837.5

51.48

158.7

678.8

2018

13020.3

1585

12.17

774.1

48.84

157.9

616.2

810.9

51.16

171.4

639.4

Qeyd olunmalıdır ki, problemli kreditlərin artmasında xarici amillərlə yanaşı daxili amillərin də rolu olmuşdur. Belə ki, bu kreditlərin verilməsində bank rəhbərlərinin və işçilərinin yol verdikləri nöqsanlar xüsusi olaraq qeyd edilməlidir. Yəni, devalvasiyadan əvvəlki illərdə borcalanların maliyyə vəziyyəti və risklər əksər hallarda düzgün qiymətləndirilməmiş, banklar daha çox kredit portfelinin artırılmasına fokuslanmışlar, nəticədə bu da vaxtı keçmiş kreditlərin artmasını şərtləndirmişdir.Bu baxımdan, vaxtı keçmiş kreditlərlə bağlı bütün göstəricilər açıqlanmalı və təhlil olunmalıdır. Problemin kəskinləşməsinin bir tərəfdən səbəbi əgər borcunu vaxtında qaytara bilməyən vətəndaşlar və sahibkarlardırsa, digər tərəfdən də bu kreditlərin girovsuz, əsassız verilməsində iştirak edən bank rəhbərləri və bank işçiləridir.Problemli kreditlərin həcminin artması ilk növbədə ölkənin maliyyə sabitliyi və dayanıqlığı üçün riskləri artırır və kredit qoyuluşlarının azalmasına səbəb olur.

Bununla yanaşı, problemli kreditlərinin həcminin artmasının iqtisadiyyata aşağıdakı mənfi təsirləri mümkündür.Bankların mənfəəti azaldığı üçün kredit faizlərini yüksəltmək məcburiyyətində qalırlar.Problemli kreditlər bankların mənfəətinin azalmasına və kredit faizlərinin yüksəlməsi səbəbindən borcalan şirkətlərin kredit xərclərinin artmasına səbəb olurlar ki, bu da öz növbəsində şirkətlərin mənfəətinin azalmasını və nəticədə dövlətin vergi gəlirlərinin azalmasını şərtləndirir.Problemli kreditlərin həcminin artması həmçinin bankların müflis olmasına səbəb ola bilər. Problemli kreditlərin artması bankların istehsal və məşğulluqla bağlı bazarın kredit tələbini ödəməsində çətinliklər yarada bilər.

Problemli kreditlər sistematik xarakter aldıqda, başqa sözlə bir neçə bankın hüdudlarından çıxaraq bütövlükdə ölkənin bank sistemini əhatə etdikdə bir çox hallarda bazar alətləri ilə problemin həlli mümkün olmur, bazarın iflası baş verir. Bu baxımdan da problemin həlli üçün dövlət müdaxiləsinə zərurət yaranır.Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Problemli kreditlərlə bağlı dünən dövlət başçısının imzaladığı fərman bütovlükdə əhalini narahat edən iki mühüm məsələnin həllinə yönəlmişdir: Birincisi xarici valyutada alınmış kreditlər və manatın məzənnəsinin dəyişməsi nəticəsində bu kreditlərin manat ifadəsində həcminin artmış hissəsinin ödənilməsinə dövlət tərəfindən dəstəyin göstərilməsi, hansı ki, daha çox müzakirə olunur. Eyni zamanda qeyd olunmalıdır ki, fərman devalvasiya nəticəsində öhdəlikləri artmış vətəndaşlarla yanaşı, həm də 2012-ci il yanvarın 1-dən bugünkü tarixə banklara 1 ildən çox gecikməsi olan xarici valyutada əsas məbləği 10,0 min ABŞ dolları, milli valyutada isə əsas məbləği 17,0 min manata qədər kredit borcu olan fiziki şəxsləri də əhatə edir. Belə vaxtı keçmiş kreditlər probleminin həlli mexanizmi fərmanda aşağıdakı kimi nəzərdə tutulmuşdur. Banklar əhaliyə yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəkdir. Kreditlər 5 il müddətinə illik 1%-lə veriləcək və 1 il güzəşt müddətində faizsiz, qalan 4 ili isə illik 1%-lə ödənişi nəzərdə tutulacaq. Eyni zamanda bu günə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş bütün faizlər, cərimələr silinəcək. Bunlarla bağlı bütün məhkəmə qərarları və icraları ləğv ediləcək. Hesab edirəm ki, fərmanın icrası təmin edildikdən sonra ölkəmizdə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi müəyyən qədər azalacaqdır. Bununla belə, nəzərə almaq lazımdır ki, problemli kreditlərin strukturunda fiziki şəxslərlə yanaşı hüquqi şəxslərə verilmiş biznes kreditlərinin də həcmi kifayət qədərdir. Bu baxımdan da, yuxarıda qeyd etdiyimiz göstəricinin 5%-dən aşağı təhlükəsiz həddə gətirilməsi üçün hesab edirəm ki, problemli biznes kreditlərinin də restruktrizasiyası həyata keçirilməlidir.

[#gallery#]