Fins.az-ın məlumatına görə, Prezident İlham Əliyevin Fərmanını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb: “2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) və 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirmə olacaq. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur.” V.Qasımlı bildirib ki, ödəniş ilk növbədə fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək: “Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox ola bilməz.” V.Qasımlı qeyd edib ki, Prezident Fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir: “Belə ki, Fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək.”
Müəllif:Xeybər Heydərov