İnflyasiyanın risk balansında sabitləşdirici amillərin rolu artmaqdadır. Fins.az xəbər verir ki, Mərkəzi Bankın verdiyi açıqlamaya görə, artıq tətbiqinə başlanmış makroiqtisadi çərçivə inflyasiyanın hədəf daxilində saxlanılmasını dəstəkləyir. Cari ilə və ortamüddətli dövrə milli iqtisadiyyatın sabitlik parametrləri Mərkəzi Bankın pul-kredit siyasətinin əsas istiqamətləri haqqında son bəyanatında və 2019-cu ilə dövlət büdcəsində öz əksini tapmışdır. Profisitli tədiyə balansı və manatın məzənnəsinin dayanıqlığı, eləcə də faktiki aşağı qiymət artımının yaratdığı gözləntilər inflyasiyaya stabilləşdirici təsir göstərir.
“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanında makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi üçün əlavə tədbirlərin müəyyən edilməsi və reallaşdırılması haqqında Azərbaycan hökumətinə göstərişlər verilmişdir. Bununla bağlı müvafiq tədbirlər planının layihəsi hazırlanmışdır.
Bir sıra xarici və daxili risk amilləri də öz potensialını saxlayır. Xarici amillərə qlobal iqtisadi artımın zəifləməsi fonunda dünya neft bazarında qiymətlərin volatillik potensialı və ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər aiddir. Daxili amillərə isə vergi islahatlarının və kredit aktivliyinin məcmu tələbə təsirlərinin miqyası və davamlılığı aiddir.
Monetar şərait. Mərkəzi Bank tərəfindən monetar şəraitin normallaşdırılması istiqamətində qərarlar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla iqtisadi artımın potensial səviyyədə davam etməsinin dəstəklənməsi arasında balansın saxlanılmasına xidmət edir. İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində monetar şərait bir neçə amildən təsirlənmişdir. Manatla pul bazası hökumət hesabları qalığının dəyişimindən asılı olaraq dəyişmişdir. Real sektorun kreditlərə olan tələbinin artması bankların likvidliyə olan tələbini yüksəldir ki, bu da depozitlər üzrə faiz dərəcələrinə artırıcı təsir göstərir. Fiziki şəxslərin manatla müddətli əmanətlərinin yüksək sürətlə (2018-ci ildə 23.6%) artmaqda davam etməsi milli valyutada yığımların cəlbedici olduğunu göstərir.
Mərkəzi Bank bundan sonra da faiz dəhlizinin parametrlərinə dair qərarlarını inflyasiyanın faktiki və proqnoz səviyyəsi, habelə risk ssenarilərinin reallaşması səviyyəsindən asılı olaraq verəcəkdir.
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti açıqlaması 2019-ci il mart ayının 15-də ictimaiyyətə təqdim ediləcəkdir.