31 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları artaraq bu qədər olub

Mərkəzi Bank İnflyasiya gözləntiləri və proqnozları barədə açıqlama yayıb. İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində biznes sektorunun inflyasiya gözləntiləri ticarət sektorunda azalmış, xidmət, qeyri-neft emal sənayesi və tikintidə cüzi artmışdır. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri isə minimal səviyyədə sabit qalmışdır. Ümumilikdə iqtisadi subyektlərin inflyasiya gözləntiləri faktiki inflyasiya ətrafında sabitləşməkdədir.

Xarici şərait. 2018-ci ilin sonuncu rübündəki azalmanın ardınca neftin dünya qiyməti 2019-cu ilin yanvar ayında artıma meyil etmiş və bir barrelə görə 60 ABŞ dolları səviyyəsinə qayıtmışdır. Neftin qiyməti dekabrın sonundakı dib nöqtəsi ilə müqayisədə 20%-dən çox artmışdır.

Bu dövrdə ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında və dünya əmtəə qiymətlərinin dinamikasında daxili inflyasiyaya və gözləntilərə əhəmiyyətli təsir göstərəcək proseslər müşahidə edilməmişdir.

Cari ilin yanvar ayında ölkənin strateji valyuta ehtiyatlarının 3% artaraq 46 mlrd. ABŞ dollarını üstələməsi tədiyə balansının profisitli olaraq qaldığını təsdiq edir.

İqtisadi aktivlik. İqtisadi artım tempinin 2018-ci ilin 4-cü rübündə, xüsusən də dekabr ayında yüksəlməsi müşahidə edilmişdir. 2018-ci ilin sonuna iqtisadi artım 1.4% təşkil etmişdir. İqtisadi artım qeyri-neft sektorunda 1.8% olmuşdur ki, bu da əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 9.1%, kənd təsərrüfatında 4.6% artım müşahidə olunmuşdur.

Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi iqtisadiyyatın bütün sahələri üzrə artım nümayiş etdirir. Ev təsərrüfatı üzrə sorğuların nəticələrinə əsasən istehlakçı inamı indeksi də pozitiv zonadadır və artmaqda davam edir.