Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.75%-dən 9.25%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 11.25%, aşağı həddi isə 7.25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 1 fevral 2019-cu ildən qüvvəyə minir.
İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində inflyasiya gözlənilən meyil üzrə dəyişmiş, aşağı birrəqəmli səviyyədə qalmışdır.
İnflyasiyanın yüksəlməsi riskləri nisbətən səngiməkdədir. Qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi, xarici sektor göstəricilərinin yaxşılaşması, valyuta bazarında tarazlı vəziyyətin davam etməsi, inflyasiyanın faktiki səviyyəsinin və qiymət artımı gözləntilərinin aşağı olaraq qalması, fiskal qaydaların qəbul edilməsi monetar şəraitin normallaşdırılmasının davam edilməsinə imkan verir. Eyni zamanda bir sıra daxili və xarici inflyasiya amilləri, riskləri nəzərə alınmaqla pul siyasətinin antiinflyasyon xarakteri saxlanılır.