31 Oktyabr

Azərbaycanda rəqəmsal bankçılıq

Günümüzdə bütün proseslərin rəqəmsallaşması qaçılmazdır. Bütün prosesləri elektron mənbələrdən istifadə edərək reallaşdırmaq artıq bir vərdiş halına gəlib. Bu kimi proseslərin bir çox müsbət cəhətləri var. İlk öncə bu, bir çox işlərimizi asanlaşdırır və bunu etmək bizə bir telefon və ya kompüter qədər yaxın olur.

Rəqəmsal bankçılıq nədir?

Rəqəmsal bankcılıq bütün bank sisteminin və funksiyaların rəqəmsallaşması deməkdir.Azərbaycanda bu sahə çox yeni və inkişafın ilkin mərhələsindədir. Ölkəmizdə rəqəmsal bankçılğı bir neçə qrupa bölmək mümkündür.

İnternet bankçılıq(Onlayn bankçılıq), mobil bankçılıq və proses sistemləri.

İnternet bankçılıq və ya digər adıyla desək onlayn bankçılıq banka gəlmədən internet vasitəsilə bank hesablarını idarə etməyə və digər maliyyə əməliyyatları aparmağa imkan verən bir sistemdir. Bu xidmətdən istifadəyə görə heç bir ödəniş edilmir. İnternet bankçılıq öz hesablarınızdan ümümi məlumat almaq,kartı bloklamaq,internet, kommunal və sair kimi xidmətlərin ödənilməsi, pul tranzaksiyası kimi xidmətlər göstərir.

Mobil bankçılıq

Günümüzdə həyatımızı smartfonsuz təsəvvür etmək qeyri-mümkündür. Bəs smartfonlar bizim günlük həyatımızı asanlaşdıra bilərmi? Mobil bankçılıqla biz bank ofislərinə getmədən, sıra gözləmədən bankla bağlı olan bütün xidmətləri yararlana bilərik.

Mobil bankçılıq onlayn olmaqla yanaşı offlayn da ola bilər. Bu bankdan sms qəbul etməklə mümkündür. SMS aktiv və passiv formada olur. Passiv forma sadəcə mesaj qəbul etməklə məhdudlaşır. Aktiv formada isə bu smslə əlavə operasiyalar həyata keçirilə bilər. 2017-ci ilin Marksweb reytinqinə əsasən Unibank Azərbaycanda mobil bankçılıq üzrə ilk yeri tutub.

Ümumiyyətlə ölkəmizdə 30 bank fəaliyyət göstərir və əksəriyyəti mobil və onlayn bankçılıq xidmətləri təqdim edir. “Paşa Bank” onlayn sistemində onlayn cərgə, parkinq ödənişləri, səfirliklərdən məktub alma kimi xidmətlər də göstərməkdədir. “Rabitəbank” onlayn bankçılıq sistemində Avropada çoxdandır istifadə olunan bir xidməti göstərməyə başlayıb. Belə ki, sosial şəbəkələrdən istifadə edərək pul tranzaksiyaları etmək artıq mümkündür. Yəni siz Facebook akkauntunuzla başqa bir şəxsə banka getmədən pul köçürə bilərsiniz.

Proses sistemləri

Proses sistemləri dedikdə mən böyük ofisləri əvəz edə biləcək aparatlar nəzərdə tuturam.

Məsələn, İsveçdə banklar video bankinq xidmətləri göstərir. Yəni xidmət alan müştərilər bu aparatlara yaxınlaşaraq bank işçiləri ilə bir başa görüntülü danışa və məsləhət ala bilirlər. Bu yerlər “kiosk” adlanır. Belə cihazların olması bankı böyük ofis və çoxlu işçi qrupu tutmaqdan azad edir.Azərbaycanda isə buna oxşar bir xidmət “Beynəlxalq Bank” tərəfindən göstərilir. ƏLAmatik aparatı ilə müştərilər pul tranzaksiyaları, məsləhət alma və bu kimi xidmətləri bu cihazdan əldə edə bilərlər.

Niyə rəqəmsal bankçılıq?

Yuxarıda qeyd etdiyim kimi ofisə getmədən , növbə gözləmədən xidmət almaq mümkündür. Üstəlik bu sektorun inkişafı nəinki müştərilərə, həmçinin də banklara faydalıdır.Banklarda sıxlıq azalır,işçilərin öz vaxtlarını daha səmərəli şəkildə istifadə etmək şansı artır. Banklar böyük ofis və əlavə işçi qüvvəsi istifadəsindən azad olurlar. Bu da bankın gəlirliyini artırır və həmçinin bütün əməliyyatların virtual şəkildə həyata keçirilməsi onların şəffaflığını artırır ki, dövlətin bu sektoru stimullaşdırılmasının ən mühim səbəblərindən biri də budur.

Müəllif:Zülfiyyə Mehdiyeva