Milli valyutada olan kreditlərin ölkə üzrə faiz dərəcəsi 14,2% olduğu halda bu hədd Bakıda daha aşağı – 12%-ə bərabərdir. Regionlarda isə (Naxçıvan MR istisnadır) manat kreditləri üçün illik faiz dərəcəsi 16-25% civarında dəyişir. Məsələn, Aran iqtisadi rayonunda orta illik faiz dərəcəsi 23,2%, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 25,4%-ə çatır. Regionlarda kreditlərin illik faiz dərəcəsinin paytaxt ilə müqayisədə yüksək olması nəticəsində müştərilər Bakı şəhərindən kredit götürməyə üstünlük verirlər. Bunun üçün Bakı şəhərinin ümumi kreditləşmədə payı illər üzrə 80-85% arasında dəyişir. Ən aşağı faiz dərəcəsi Naxçıvan MR-də (9,3%) olduğu halda onun ümumi kreditləşmədə payı cüzidir (0,9%).
Bankların ölkə iqtisadiyyatını maliyyələşdirmək marağını azaldan vaxtı keçmiş kreditlər artmaqda davam edib. Mərkəzi Bankın rəsmi məlumatına görə, cəmi kreditlərdə problemli kreditlərin payı cari ilin 9 ayı ərzindən 13,8%-dən 14,2%-ə yüksəlib. Vaxtı keçmiş kreditlərin həcmi yanvar-sentyabr aylarında 122 milyon AZN və ya 7,5% artaraq 1626,7 milyon AZN-dən 1748,7 milyon AZN-ə çatıb. Artımın 31%-i milli, 69%-i xarici valyutanın payına düşüb.
Müəllif:Xeybər Heydərov