31 Oktyabr

Banklar daha çox bu kreditləşməyə üstünlük verirlər

İstehlak kreditlərinin payının 2014-cü ildən başlayaraq azalması tendensiyası son dövrlər yenidən artımla əvəz olunmağa başlayıb. İlin əvvəli ilə müqayisədə cəmi kreditlərdə istehlak kreditlərinin payı 39,2%-dən 41,1%-ə yüksəlib. Bu müddətdə ticarət və xidmətsektorunun payı 17,6%-dən 16,9%-ə, inşaat və əmlak sektorunun payı 4,6%-dən 3,2%-ə düşüb. Kənd təsərrüfatı sektorunun payı 3,7%-dən 3,8%-ə, sənaye və istehsal sektorunun payı 5,3%-dən 5,5%-ə, nəqliyyat və rabitə sektorunun payı 9,6%-dən 10,5%-ə yüksəlib

Kreditlərin valyuta strukturu göstərir ki, xarici valyutadan fərqli olaraq milli valyutada kredit qoyuluşunda artım müşahidə edilib. Milli valyutada kredit qoyuluşu 2018-ci ilin 9 ayında 8,7% artaraq 7557,2 milyon manat təşkil edib. Buna baxmayaraq manat kreditlərin həcmi 2011-ci ildən bəri ən aşağı həddə olub. Xarici valyutada olan kreditlərin həcmi isə bu müddətdə 1,2% azalaraq 4745,2 milyon manata düşüb

Kreditlərin müddətinə gəldikdə, banklar qısamüddətli kreditləşməyə daha çox üstünlük veriblər. Cari ilin yanvar-sentyabr aylarında valyuta strukturundan asılı olmayaraq qısamüddətli kreditlərin həcmi 17,2%, uzunmüddətli kreditlərin həcmi isə cəmisi 1,9% artıb. Milli valyutada həm qısa (24,8%), həm də uzunmüddətli (5,9%) kreditlərdə artım baş verib. Xarici valyuta üzrə isə qısamüddətli qoyuluş artsa da (9,9%), uzunmüddətli kreditləşmə azalıb (4,4%)

Regionların kreditləşməsində zəif də olsa artım olub. 2018-ci ilin 9 ayı ərzində regionlara yönəldilən kreditlər həcmi və payında artım qeydə alınıb. Regionlarda kreditləşmə 14,4% artdığı halda paytaxtda artım cəmisi 2,6% olub. Bu artım nəticəsində ümumi kreditləşmədə regionların payı 16,9%-dən 18,5%-ə yüksəlib. Belə artıma rəğmən Bakı şəhərinin ümumi kreditləşmədə mütləq üstünlüyünü (81,5%) qoruya bilib.

Müəllif:Xeybər Heydərov