Kredit qoyuluşunun artımı özəl bankların, xüsusilə də yerli kapitala malik özəl bankların hesabına baş verib. Dövlət mülkiyyətini təmsil edən Azərbaycan Beynəlxalq Bankı və Azər-Türk Bankın birgə kredit qoyuluşunun həcmi cari ilin yanvar-sentyabr aylarında 3% azalaraq 1916,2 milyon manatdan 1858,8 miyon manata düşüb. Fins.az xəbər verir ki, bu müddətdə özəl bankların kreditləşməsi 6,6% artaraq 9421,4 milyon manatdan 10042,6 milyon manata çatıb. Artımın əsas dəstəkləyicisi yerli kapitala malik özəl banklar olub. Yerli bankların kredit qoyuluşu bu müddətdə 621,2 milyon manat, 100% xarici kapitallı bankların kredit qoyuluşu 25,9 milyon manat artıb, Kapitalında xarici kapitalın payı 100%-dən az olan digər özəl bankların kredit qoyuluşu isə 53 milyon manat azalıb
Banklardan fərqli olaraq bank olmayan kredit təşkilatlarının (BOKT) iqtisadiyyatı maliyyələşdirməsi azalmaqda davam edib. 2018-ci ilin 9 ayında BOKT-ların kredit qoyuluşu 4,6% azalaraq 420,2 milyon manatdan 401,1 milyon manata düşüb. Bu, 2013-cü ildən sonra ən aşağı həddir.
Kredit qoyuluşunun sektorlar üzrə analizi göstərir ki, 2018-ci ilin 9 ayında inşaat və əmlak sektoru istisna olmaqla digər sektorlarda artım baş verib. Belə ki, hesabat ilin yanvar-sentyabr aylarında ticarət və xidmət sektoru üzrə kreditləşmə 0,4%, sənaye və istehsalsektoru üzrə 9,1%, nəqliyyat və rabitə sektoru üzrə 14,4%, kənd təsərrüfatı və emal sektoru üzrə 8,1%, istehlak kreditləşməsi üzrə 9,7% artım qeydə alınıb. Bu dövrdə inşaat və əmlak sektoru üzrə 29% azalma olub