31 Oktyabr

2018-ci ildə banklar bu sahəyə investisiyanı 3 dəfə artırıblar

2017-ci ilin müvafiq dövrü ilə müqayisə edəndə görürük ki, 2018-ci ildə banklar qiymətli kağızlara etdikləri sərmayeni artırıblar. Bankların qiymətli kağızlara yatırımı bu dövrdə 3 dəfəyədək artıb. Fins.az xəbər verir ki, bankların dayanıqlığını gücləndirmək üçün onların kapitalının artırılması prosesi davam etdirilib. Bankların cəmi kapitalı 2018-ci ilin 9 ayı ərzində 10,9% artaraq 3,71 milyard AZN-dən 4,11 milyard AZN-ə çatıb. Bu artım nəticəsində bankların aktivlərində kapitalın payı 13,3%-dən 14,1%-ə yüksəlib.

Kapitalın əsas artımı Bank Respublikada (46,7%), Bank VTB-də (36,5%), Azərbaycan Beynəlxalq Bankında (35%), Unibank ASC-də (33,5%), Silk Vey Bankda (24,6%) baş verib. Ancaq Amrahbank (28,5%), Accessbank (18,7%), AGBank (10,9%), Nikoilbank (7,6%) və digər banklarda azalma qeydə alınıb.

2018-ci il oktyabr ayının 1-i tarixinə bankların öhdəliklərinin 77,6%-ni depozitlər (fiziki və hüquqi şəxslərin, o cümlədən maliyyə institutlarının) hesabına formalaşıb və bu mənbəyin payı 2017-ci ilin sonu ilə müqayisədə artaraq 76%-ə bərabər olub. Bank və digər maliyyə institutlarından alınan kreditlər bankların ikinci əsas maliyyə mənbəyi olub. Bu mənbə üzrə cəlbetmə azaldığından ümumi öhdəliklərdə payı 8,7%-dən 8%-ə düşüb. Azalmanın səbəbkarı bankların verdikləri kreditlərin azalması olub. Bu müddətdə banklar tərəfindən buraxılmış qiymətli kağızların bank öhdəliklərində payı 7,7%-dən 7,3%-ə düşüb