31 Oktyabr

Kredit risklərinin tənzimlənməsinə nəzarət gücləndirilib - SƏBƏBLƏR

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsinə prudensial nəzarəti gücləndirib. Bu hansı tələbdən irəli gəlir? Yəni nəzarəti gücləndirməyə əsas olan səbəb nədir? Gələcəkdə KTN əmsalı (kreditin təminata olan nisbəti) bir qədər də aşağı salına bilər? Fins.az-ın bu suallarına cavabı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası belə cavablandırıb.

Bununla əlaqədar bildiririk ki, Palata tərəfindən tənzimləyici aktların mütərəqqi ölkə təcrübələrinə və Bank nəzarəti üzrə Bazel Komitəsinin prinsiplərinə uyğunlaşdırılması istiqamətində işlər aparılır. Bu çərçivədə “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi Qaydaları” hazırlanmış və Qaydalar 28.11.2018-ci il tarixində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir. Bu Qaydalarda əvvəlki qaydalardan fərqli təminatsız kreditlər üzrə bir borcalan və bir-biri ilə əlaqədar borcalanlar qrupuna verilmiş kredit tələbinin yüksək həddi I dərəcəli kapitalı 10%-i, təminatlı kreditlər üzrə I dərəcəli kapitalın 25%-i, habelə, təminatlı və təminatsız məcmu kredit tələbləri üzrə yüksək hədd I dərəcəli kapitalın 25%-i müəyyən edilmişdir. Bundan əlavə, bu Qaydalarda sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin maksimum miqdarı üzrə normativ müəyyən edilmişdir ki, bu ümumilikdə bank sektorunu sistemik risklərdən qorumağa xidmət edir.

Eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə xarici valyutada istehlak kreditlərinin yalnız xarici valyutada gəliri olanlara və yaxarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə kreditin təminata nisbəti (KTN) əmsalı 90%-dən çox olmadıqda verilə bilməsi şərti müəyyən edilmişdir. Bununla yanaşı, daşınmaz əmlak kreditlərinin yalnız milli valyutada, KTN əmsalı 70%-dən artıq olmadıqda, verilməsi şərti qaydalarda öz əksini tapmışdır.

Müəllif: Xeybər Heydərov