İnflyasiya prosesləri. Son iki ayda inflyasiyada azalma meyili davam edib. Fins.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı məlumata görə, 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3% təşkil etmişdir ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır.
Mövsümi amillərin təsirilə noyabrda ərzaq inflyasiyası bir qədər artmışdır. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırmışdır. Nəticədə aylıq inflyasiya 0.6% səviyyəsində qərarlaşmışdır.
İnflyasiya gözləntiləri və proqnozlar. İstehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Eyni zamanda cari ildə pul siyasətinin yumşaldılması istiqamətində ardıcıl qərarlar bazar subyektlərinin inflyasiya gözləntilərinə azaldıcı təsir göstərmişdir.
Biznes sektorunun inflyasiya gözləntiləri ötən iki ayda ticarət və xidmət sektorunda azalmış, qeyri-neft emal sənayesi və tikintidə artmışdır. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri müxtəlif gəlir qrupları üzrə fərqlidir.
Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2.3% ətrafında qərarlaşacağı gözlənilir.
Müəllif: Xeybər Heydərov