31 Oktyabr

“Fitch Ratings” “Petkim”in kredit reytinqini təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Petkim PetroKimya Holding A.Ş.”nin kredit reytinqini təsdiqləyib.

Fins.az xəbər verir ki, “Fitch” “Petkim”in uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “sabit” saxlamaqla “B” səviyyəsində təsdiq edib. “Fitch Ratings”ə görə, kredit reytinqi “Petkim”in kiçik ölçülü və əlavə məhsul konsentrasiyasını əks etdirir.

Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollardan çox investisiya qoyulub.

“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir. Cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.

© Azərtac