31 Oktyabr

İri bankların kapitalı ilə bağlı yeni tələblər qoyulur – RƏSMİ

"Sistem əhəmiyyətli bankların kapital adekvatlığı əmsalının hər 6 aydan bir artırılması nəzərdə tutulub".

Fins.az Finans.az-a istinadən xəbər verir ki, bu barədə “Banklar və Biznes” Qəzetinə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov deyib. O, bildirib ki, son qaydalarda Maliyyə Bazarlarına Nəzarət Palatası bankları sistem əhəmiyyətli və sistem əhəmiyyətli olmayan banklara ayırıb.

"Sistem əhəmiyyətli banklıar daha iri banklardır və onlara tələblər daha sərtdir. Ona görə də, həmin bankların kapitalının adekvatlıq əmsalının hər 6 aydan bir artırılması nəzərdə tutulub. Digər banklarda isə əmsalın artırılması ilə bağlı tələb yoxdur. Lakin o da arzuolunandır ki, sistem əhəmiyyətli olmayan bankların da kapitalları aşağı olmasın, normadan yuxarı olsun ki, müəyyən itkilərə məruz qaldıqda həmin itkiləri bağlaya bilsinlər. Bazelin əsas məqsədi odur ki, banklar bir-birlərini tanısınlar, adekvatlıqları normal həddə olsun".

Əgər bu gün 1-ci dərəcəli kapital üçün adekvatlıq əmsalına tələb 5%, məcmu kapital üçün 10%-dirsə, 2019-cu ilin iyunun 1-dən sonra sistem əhəmiyyətli banklar üçün bu, müvafiq olaraq 5,5% və 11% olacaq. 2020-ci ilin yanvarın 1-dən isə sistem əhəmiyyətli bankların 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 6%, məcmu kapitalın adekvatlıq əmsalı isə 12% müəyyən olunacaq. Digər banklarda isə bu əmsala tələb 5% və 10% qalmaqda davam edəcək.