Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov III Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 24-ü internet bankçılığı, 25-i isə mobil bankçılıq tətbiq edir. “Hazırda bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır. Xüsusilə QR xidmətlərin göstərilməsi ilə bağlı addımlar atılır. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarında cari hesablar üzrə aparılmış əməliyyatların 25%-i elektron ödənişlər vasitəsi ilə həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur".
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.
Beynəlxalq tədbirdə bir sıra ölkələrin, 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.
Müəllif: Xeybər Heydərov