"Finca Azərbaycan" MMC bank olmayan kredit təşkilatı 27 dekabr 2017-ci il tarixinə illik hesabatını dərc edib. BOKT-un ötən ilin sonunda cəmi aktivləri 8 mln. 203 min manat olub. Bu isə 2016-cı il ilə müqayisədə 6 dəfə azdır. Qeyd edək ki, BOKT-un cəmi aktivləri devalvasiyadan əvvəlki dövrdə - 2014-cü ilin sonunda 274 mln. dollar təşkil edirdi. Qeyd edək ki, bu məbləği dolların Azərbaycanda hazırki məzənnəsinə konvertasiya etdikdə 465,8 mln. manata bərabər olur. Fins.az Finans.az-a istinadən xəbər verir ki,"Finca Azərbaycan"ın kredit portfeli 1 il ərzində 9,4 dəfə azalaraq 3 mln. 320 min manata düşüb. BOKT-un cəmi öhdəlikləri isə 2016-cı ilin sonu ilə müqayisədə 6 dəfədən çox azalaraq 8 mln. 684 min manata qədər enib.
ÖHDƏLİKLƏRİ AKTİVLƏRİNDƏN ÇOXDUR
Cəmi aktivləri 8 mln. 203 min manat, cəmi öhdəlikləri 8 mln. 684 min manat olan BOKT-un cəmi kapitalı -481 min manat olaraq mənfiyə düşüb.
Kredit təşkilatının 1 il ərzində faiz gəlirləri 4 mln. 95 min manat, faiz xərcləri isə 2 mln. 917 min manat, xalis faiz gəlirləri isə 9 mln.764 min manat olub. Mənfəətindən 3 mln. 495 min manat vergi ödəyən "Finca Azərbaycan"ın 2017-ci ilin sonuna xalis mənfəəti 6 mln. 552 min manat təşkil edib.
Qeyd edək ki, "Finca Azərbaycan" bir zamanlar banka çevrilmək niyətində olduqlarını dəfələrlə birdirmiş, lakin BOKT-un bu planı reallaşmamışdı.