31 Oktyabr

Azərbaycancanda ən çox vergi verən banklar - SİYAHI

Bankların 30 sentyabr 2018-ci il üzrə açıqladıqları hesabata əsasən 8 bank bu il mənfəətindən vergi ödəyib. Bu banklar "Kapital Bank", "Xalq Bank", "Paşa Bank", "ASB Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Silk Way", "Ziraat Bank" və "Unibank" olub. Fins.az "Finans.az"-a istinadən Azərbaycanda fəaliyyət göstərən bankların bu il ərzində dövlət büdcəsinə ödədiyi mənfəət vergisini müəyyən edib.

Adıçəkilən banklar arasında ən çox vergi ödənişi "Kapital Bank" tərəfindən həyata keçirilib. Cari ilin 9 aylıq dövründə 90 mln.manata yaxın mənfəət əldə edən bank 18,857 mln. manat mənfəət vergisi ödəyib. Bu isə digər bütün bankların ödədiyi mənfəət vergisindən dəfələrlə çox olub.

Mənfəət vergisinin həcminə görə ikinci bank isə "Xalq Bank" olub. Bank 30 sentyabr 2018-ci il tarixinə əldə etdiyi 20 mln. manatdan çox mənfəətindən 2 mln. 346 min 770 manat vergi ödəyib. Ödənilən verginin həcminə görə sıralamada növbəti yerləri "Paşa Bank", "ASB Bank" və "Yapı Kredi Bank Azərbaycan" tutub. Belə ki, bu bankların hər biri tərəfindən ödənilən mənfəət vergisinin həcmi 1 mln. manatdan çox olub. Sözügedən tarixə "Paşa Bank"ın mənfəət vergisi 1 mln. 299 min manat, "ASB Bank"ın 1 mln. 135 min 630 manat, "Yapı Kredi Bank Azərbaycan"ın isə 1 mln. 78 min manat təşkil edib.

İlin ilk 9 aylıq dövründə "Bank Silk Way" tərəfindən 404 min manat, "Ziraat Bank" tərəfindən isə 237 min 250 manat mənfəət vergisi ödənilib. Ötən ilin eyni dövrü ilə müqayisədə mənfəətlə işləməyə başlayan "Unibank" 34 mln. 172 min manat mənfəətindən 62 min manat mənfəət vergisi ödəyib.

Sözügedən dövr ərzində digər banklar mənfəətindən vergi ödəməyib.