31 Oktyabr

Bu amillər kredit faizlərinə təsir edəcək

Qısamüddətli dövrdə inflyasiya riskləri balansında azaldıcı və sabitləşdirici amillər üstünlük təşkil edir. Bu amillərə əlverişli neft qiyməti, tədiyə balansının profisiti və kifayətlik normalarını üstələyən valyuta ehtiyatları aiddir. Qeyd olunanlar valyuta bazarındakı mövcud tarazlığı dəstəkləyir. Fins.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, daxili inflyasiyanın ticarət tərəfdaşı ölkələrində yüksək məzənnə və qiymət volatilliyinə, habelə dünya ərzaq qiymətlərinin dəyişkənliyinə həssaslığı qalır. Ortamüddətli dövrə makroiqtisadi sabitlik və dayanıqlıq optimal monetar və konservativ fiskal siyasət əsasında formalaşdırılan makroiqtisadi çərçivədən, maliyyə sektorunda olan problemlərin bu çərçivə daxilində tənzimlənməsindən asılı olacaqdır.

Monetar şərait - Faiz dəhlizinin yeni parametrləri aşağı inflyasiya şəraitində milli valyutada yığımların cəlbediciliyini saxlamaqla digər amillərin də təsirinin neytrallaşdırılması ilə kredit faizlərinə azaldıcı təsir edən siqnal olacaqdır.

Monetar şəraitin bundan sonrakı normallaşması proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına uyğunluğundan asılı olacaqdır.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin dekabr ayının sonunda müzakirə ediləcəkdir.

Müəllif: Xeybər Heydərov