İyulun 1-də Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun toplantısı öz işinə başlayıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, Polşa Milli Bankının və Polşa Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən və iyulun 2-dək davam edən Seçki Qrupunun Toplantısında Azərbaycanı maliyyə naziri Samir Şərifov təmsil edir.
BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla açıq interaktiv müzakirələr aparılacaq.
Səfər zamanı bir sıra ikitərəfli görüşlərin də keçirilməsi planlaşdırılır.