31 Oktyabr

200 manatlıq əskinasların tədavülə buraxılmasından bir ay ötür – TOP 5

200 manatlıq əskinaslar may ayının 23-də tədavülə buraxılıb ki, bu da sabah yeni əskinasların artıq 1 aydır ki tədavüldə olmasından xəbər verir. “İri nominallı pulların dövriyyəyə buraxılması nağd pulun çəkisinin azaldılması ilə bağlıdır”. Bunu bir ay əvvəl keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, iri nominallı pulların dövriyyəyə buraxılması tələbin artması demək deyil: "200 manatlıq pullar dövriyyənin asanlaşdırılması, dövlət xərclərinin azaldılmasına xidmət edir. 200 manat həcmcə böyük ola bilər, amma 2 pul əvəzinə 1 pul işlənəndə xərclərə qənaət etmək olur. Böyük nominallı pulların makroiqtisadi dinamika, inflyasiya ilə bağlı heç bir əlaqəsi yoxdur. Hazırda nağd pulların çəkisi çoxdur. Biz araşdırma aparmışıq və məlum olub ki, nağd pulun böyük hissəsi biznes arasında hesablaşmalarda istifadə olunur. Bu da böyük nominallı pullara ehtiyac yaradır. Dövriyyənin də azaldılması üçün böyük nominallı pullar tələb olunur. Yaxın gələcəkdə “Nağdsız Azərbaycan” adlı dövlət proqramı qəbul edəcəyik. Bu proqramını məqsədi nağd pul dövriyyəsini şərtləndirən bütün problemlərin aradan qaldırılmasıdır. Bu proqramın qəbulu ilə qarşımızda 18 sahə üzrə prioritetlərimiz var. Bank sektorunda, ödənişlərdə, institusional sahədə olan problemlərin aradan qaldırılması prioritetlər arasındadır”.

E. Rüstəmov qeyd edib ki, banklar istədiyi həcmdə 200 manatlıq əskinas sifariş verə bilərlər: “Bunun üçün banklar 0,2 faiz tarif ödəyəcəklər. Daha aşağı əskinaslar üçün isə bu tarif 0,1 faiz həddindədir”
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 200 manatlıq pul nişanının tədavülə buraxılması ilə əlaqədar cari ilin 23 may tarixində Bakıda keçirilmiş təqdimatla eyni gündə ABŞ-ın Dallas şəhərində keçirilmiş beynəlxalq konfransda yeni pul nişanının geniş təqdimatı baş tutub.

Konfransda Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti yeni pul nişanının dizaynı və istehsalını həyata keçirmiş ABŞ-ın “Crane Currency” və Almaniyanın “Giececke+Devrient” şirkətləri ilə birgə 200 manatlıq pul nişanını konfrans iştirakçılarına təqdim etmişdir.

Eləcədə Bax: Mərkəzi Bank yeni 200 manatları təqdim etdi

Təqdimatda pul nişanının yaradılması, o cümlədən dizaynı, təhlükəsizlik konsepsiyası və istehsal mərhələləri ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verilmiş, yeni pul nişanında tətbiq olunmuş ən müasir texnologiyalar nümayiş etdirilmişdir.

Ümumilikdə 70-dək mərkəzi bankdan və 150 beynəlxalq təşkilatdan 750 nümayəndənin iştirak etdiyi konfransda 200 manatlıq pul nişanı ilə yanaşı bir sıra ölkələrin, o cümlədən Avstraliya, İsrail, Meksika, Rusiya, Qırğızıstan və Madaqaskarın yeni seriya banknotları da təqdim olunmuşdur.

Eləcədə Bax: 200 manat inflyasiyaya səbəb ola bilər?

Azərbaycanın 200 manatlıq pul nişanı öz dizaynı və təhlükəsizlik konsepsiyasına görə ekspertlər tərəfindən ümumilikdə təqdim olunmuş 30 banknot içərisində ən yaxşı beş banknotdan biri kimi qiymətləndirilmiş və növbəti ildə Dubay (BƏƏ) şəhərində keçiriləcək beynəlxalq Nağd Pul Konfransında “Ən yaxşı dizayn və mühafizə sistemlərinə malik banknotlar” üzrə nominasiya müsabiqəsinə təqdim edilmişdir.

Konfransın gedişində 200 manatlıq pul nişanının hazırlanması zamanı tətbiq olunan ən son mühafizə texnologiyalarının, onların seçim proseslərinin və ümumi dizayna inteqrasiyasının geniş marağa səbəb olması ilə əlaqədar iştirakçıların müraciətləri nəzərə alınaraq əlavə panel görüşlər keçirilmiş, konfransın təşkilatçıları - “Currency Research”, “Beynəlxalq Nağd Pul Assosiasiyası”, “Beynəlxalq Banknot Dizaynerləri Assosiasiyası”, müxtəlif banknot çapı şirkətləri və digər təşkilatların rəhbərləri, eləcə də Mərkəzi Bankların nümayəndələri ilə müzakirələr aparılmışdır.

Yeni pul nişanının təqdimatı barədə məlumatlar bir sıra xarici xəbər portallarında (ABŞ, Böyük Britaniya və Almaniya) öz əksini tapmış və eləcə də, konfransın işıqlandırılmasını həyata keçirən beynəlxalq jurnallar, o cümlədən “Currency News” (ABŞ), “Watermark” (Rusiya), “Banknote Industry News” (Almaniya), “Banknote News” (Böyük Britaniya) və s. jurnallar tərəfindən geniş məlumatlar götürülmüşdür

Müəllif: Xeybər Heydərov