Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib. Bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub. Sənəddə vurğulanıb ki, bundan başqa, ləğv prosesində olan "Zaminbank", "Kredobank", Yunayted Kredit Bank", "Bank of Azerbaijan", "Gəncəbank", "Parabank", "Bank Technique", "Royalbank", "Dekabank", və "Atrabank" ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb.
Hesablama Palatası qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib.
Hesabatda qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib: " Dövlət Təhlükəsizlik Xidmətindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə nəzarət tədbirinin nəticələri üzrə materiallar açılmış cinayət işi üzrə araşdırılmaqdadır".