“Yapı Kredi Bank Azərbaycan” 2018-ci ilin ilk rübünün nəticələrini elan edib. Bankdan verilə xəbərə görə, “Yapı Kredi Bank Azərbaycan”ın ilk rübdə əldə etdiyi mənfəət 660 min manat olub. Bankın məcmu kapitalı 64,5 mln. manata çatıb.
Müqayisə olaraq qeyd etsək, məcmu kapitalın məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur və məcmu kapitalın 60 mln. manatı birinci dərəcəli kapitalın payına düşür. Kapitalın adekvatlıq əmsalında da irəliləmə müşahidə edilir. 2017-ci ilin ilk rübü ilə müqayisədə, 2018 ilin ilk rübündə kapitalın adekvatlıq əmsalı 53% daha da möhkəmlənərək 24,5%-ə çatıb.
“Yapı Kredi Bank Azərbaycan”ın depozit portfelində artım müşahidə edilir. Bu barədə şərh edən bankın idarə heyətinin sədri cənab Cenk Yüksel qeyd edib. “Yapı Kredi Bank Azərbaycana etibar edənlərin sayı gündən günə artmaqdadır. Ötən ilin ilk üç ayı ilə müqayisədə, bu ilin ilk üç ayında depozit portfelimiz 4,9%, o cümlədən fiziki şəxslərin tələbli depozitləri 19,6%, hüquqi şəxslərin tələbli depozitləri 4,2% artmışdır. Bu artım bizə qürur verməklə yanaşı, eyni zamanda məsuliyyət də verir. Təsadüfi deyil ki, müştərilərimizin bizə olan etibarının nəticəsi olaraq, bankımız İngiltərənin nüfuzlu Global Banking and Finance Review təşkilatı tərəfindən “Ən Etibarlı Bank Azərbaycan 2018” mükafatı qazanmışdır. Fürsətdən istifadə edib, bütün müştərilərimizə bizi seçdikləri üçün təşəkkürümü bildirirəm.”,-deyə o məlumatda bildirib.
Bankın hesabatlarında eyni zamanda likvid aktivlərdə də artım müşahidə edilib. Ötən ilin birinci rübü ilə müqayisədə bankın likvid aktivləri 2,9% artıb.
Belə ki, Yapı Kredi Bank Azərbaycan QSC Azərbaycan Mərkəzi Bankından əldə etdiyi kreditləri və digər yerli və beynəlxalq maliyyə qurumlarından əldə etdiyi kreditləri tamamilə bağlanıb.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.