31 Oktyabr

Devalvasiya olacaqmı? - AÇIQLAMA

Devalvasiya sözü son zamanlar ən çox işlənən sözə çevrilib. Bu barədə əsassız fikirlər dolanır. Odur ki, bu məsələlərə aydınlıq gətirmək üçün Fins.az ölkənin ən qabaqcıl investisiya şirkətlərindən biri olan AzFinance investisiya şirkətinə sual ünvanlayıb. Adı çəkilən şirkətin direktor müavini İntiqam Səfərəliyev açıqlaması zamanı qeyd edib ki, bəzi insanlar təhlil etmədən, başqalarının fikirləri əsasında hərəkət edirlər. Bu qəbul edilməzdir və yalnız zərər gətirə bilər deyə o qeyd edib. İntiqam Səfərəliyev İlk növbədə devalvasiyanın hansı hallarda ola biləcəyini rəqəmlər əsasında təhlil etmək lazım olduğunu və bunu AzFinance şirkətinin mütəxəssisləri tərəfindən mütəmadi analiz edilərək bu analitikanı istəyən şəxslərə təqdim edildiyini söylədi.

Devalvasiya niyə baş verməlidir? Sualına isə İntiqam Səfərəliyev aşağıdakı kimi cavablandırıb.

Ölkənin tədiyyə balansı mənfi saldoda olanda. Yəni idxal ixracı üstələdiyi hallarda ölkənin valyutası dəyərdən düşmək məcburiyyətində qalır. 2017 və 2018-ci illərin statistikasına görə ölkəmizin tədiyyə balansı müsbət saldodadır. Biz hesab edirik ki, neftin qiyməti 45 dollara düşənədək bu risk yoxdur və bu səbəbdən devalvasiya riski də olmayacaq.

İxracı stimullaşdırmaq məqsədilə ölkə özü pul emissiyasını artırır və nəticədə ölkənin valyutası dəyərdən düşür. Bu hal da biz də gözlənilən deyil. Səbəbi isə sadədir. əsas ixrac məhsullarımız neft və neft məhsullarıdır və bu da müəyyən kapasitə və kvota çərçivəsində baş verir. Yəni valyutanı dəyərdən salmaqla ölkə bu məhsulların ixrac həcmini artıra bilməyəcəkdir. Digər məhsulların ixracı isə ölkədəki yığımlarla müqayisə etdiyimiz zaman o qədər də böyük məbləğ təşkil etmir ki, ölkə məqsədyönlü şəkildə valyutanı ucuzlaşdırıb dollarlaşmanın səviyyəsinin artmasına səbəb olmaq istəsin.

Qonşu ölkələrin valyutalarının ucuzlaşması nəticəsində idxalın artmasının qarşısının alınması məqsədilə valyutanın dəyərdən düşməsi. Qonşu ölkələri bir bir qısa analiz etsək: Türkiyyə ciddi şəkildə xarici investorlardan asılıdır və istənilən risk xarici investorları hərəkətə gətirir və nəticədə valyuta dəyərdən düşür. Rusiya da son siyasi dəyişikliklərdən riskinin artması ilə valyutaya təzyiq hiss edir və çox böyük olduğu üçün bunu asanlıqla dəff etməkdə çətinlik çəkir. Bizdə Mərkəzi Bankın valyuta ehtiyatları kifayyət edir ki, bazardan bütün manatı bugünkü kursla geri alsın və məqsədi də makroiqtisadi sabitliyi qorumaq olduğu üçün heç bir halda kursun dəyişməsinə imkan verməməlidir. Qonşu ölkələrin valyutasının ucuzlaşması yalnız 6-8 aylıq müddətdə ölkəmizdə qiymətlərin artmasına və infilyasiya səbəb ola bilər, yalnız o halda ki, sözügedən valyutalarda bu müddət ərzində stabillik yaranmasın. Bu risk də 5%-dən çox olmamalıdır. Bu digər tərəfdən daxili istehsala dəstək olacaqdır.

Ölkəmiz artıq iqtisadi artım dövrünə girib və bütün beynəlxalq təşkilatların proqnozları ölkədə iqtisadi artım olacağıdır. Öklənin pul kredit və fiskal siyasəti də iqtisadi artıma yönlənib. İqtisadi geriləmə riski də yox.

Bütün bu təhlillər bizə göstərir ki, neftin qiyməti 50 dollardan aşağı düşməyənədək devalvasiya gözləməyin heç bir əsası yoxdur.